Modern.az

Nuşirəvan Məhərrəmli qazanır, Mirşahin üslubu aktuallığını artırır

Nuşirəvan Məhərrəmli qazanır, Mirşahin  üslubu aktuallığını artırır

Güncel

27 Noyabr 2015, 15:46

Milli Teleradio Şurasının efir məkanında hökm sürən anarxiyaya “əl bulamaq” siyasəti sərt xarakter alanda, adamın bu qurumun müstəqil televiziyaların dikbaşlığı ilə bacara biləcəyinə, əvvəlcə  inanmağı gəlməmişdi. Axı ictimai rəy hər iki tərəfi yaxşı tanıyırdı: biri mülayım, sülhsevər, diktatorluğu lap zəif, digəri təkəbbürlü, davakar, özünə tənqidi baxışı sevməyən.

Cəmiyyəti yaxşı zövqə hazırlamaq, ruha sakitlik gətirən dəyərlərin təbliğınə başlatmaqda aciz qalacağı gözlənilirkən, Milli Teleradio Şurası efirdəki, birinci- lazımsız emosionallığı, haray-həşiri, ikinci- reytinqə hesablanan yüngül mövzuları, əxlaqsız filmləri  əməlli-başlı səngitdi.

Diqqət kəsilmisinizsə, eyni müəlliflərin başqa adlı verilişləri əvvəlki kimi adamı efirdən iyrəndirmir, adamın qulağını, beynini mənasız səslərlə hədsiz  yükləmir. Qoyulan mövzular, çağrılan ekspertlər tamaşaçını o qədər də geri itələmir.

Kardinal olmayan, amma dəyişən nələrsə var. Efir məkanına əməlli-başlı çəki-düzən verilib. Birinci cəhd üçün normal nəticədir. Bu, onu anladır ki, istəsək, cəmiyyətin menyusuna dəyərli, əxlaqlı, zövqlü, faydalı məsələləri daxil edə, toplumu yaxşı mənəvi baza əsasında formalaşdıra bilərik.

Yuxarıda səngitdi dedik, bəlkə, doğrudan da belədir, çünki bunun nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir. Bir də baxdın, reklam şirkətləri televiziyaların pul “bulağ”ını kəsdi, ya azaltdı, Nuşirəvan Məhərrəmlinin gözündən oğurlanan televiziyalar ucuz, bəsit,  səviyyəsiz verilişlərə təkrar  girişdi.     

Əgər təkər geriyə fırlanacaqsa, bu, Nuşirəvan Məhərrəmlinin acizliyi kimi mütləq səciyyələnəcək, halbuki bacarıqsızlığın səbəbi, ilk növbədə, uzun illər ərzində “şou”laşmış topluma çevrilməkdə axtarılmalıdır.

Bu tendensiya özünə elə bir möhkəm özül qoyub ki, o fundamenti söküb atmaq, yeni bünövrə hazırlamaq yalnız zamanlarla düzələcək caba deyil, buna yuxarıdan aşağıya qədər prinsipial, qətiyyətli səfərbərlik elanı da tələb olunur.

...Ötən gün Nardaranda baş verən hadisələrə baxışın təkcə Az.TV müstəvisində toplumun nəzər-nöqteyində müxtəsər və standart formada axtarılması çağdaş çeşidli televiziyalar imkanında qəbulediləsi hal deyil.

İxtisaslaşma getməyib ki, şou, əyləncəli filmlərlə hadisənin ciddiliyini öldürən televiziyaları anlaya biləsən. Hadisənin düzgün analizi və qeyri-emosional ekspertlərlə proseslərə baxış heç bir senzura qayçısının ağzına sarı getməz, çünki Nardarandakı insidentlə bağlı  məlumat, ilk növbədə rəsmi qaynaqlardan verilib.

İnandırıcı deyil ki, bu məsələnin düzgün arqumentlərlə, nüfuzlu mövqe sahibləri ilə normal masada təhlili yuxarı çevrələrdə hansısa bir mənfi reaksiya yaratsın. Amma nə edəsən ki, Türkiyə jurnalistikasının ənənələrini hələ efirə gətirmək marağında deyilik.     

 

İllərdir, maarifləndirici və müxtəlif hadisələrin mahiyyətini analiz edən verilişləri şou xarakterli verilişlərə qurban verdiyimizdən dini radikalizm təhlükəsinin gəlib burnumuzun ucuna çatdığını nə düşünə, nə də beyni təmiz gəncliyi belə təhlükələrə savad nöqteyi-nəzərdən hazırlaya bilmişik.

Axı tamaşaçı auditoriyası məhşurların fiziki quruluşuna, dəbinə daha düşkündür!  Daha doğrusu, savadlanma siyasəti efirin reklam hədəfindən arxa plana keçirilib!

Azad mətbuat, internet, televiziyanın sərbəst seçdiyi mövzular  sayəsində zövqsüzlüyü, şounu bəyənən zəif əqidəli gənclik ağlın, bəsirətin dalınca deyil, qorxunc səs-küyün ardınca gedir. Dini radikallar elə hər yerdə çox zaman aşınan əxlaqdan  mübarizə hədəfində bəhanə kimi istifadə etməyə çalışır ki, bu fürsəti dolayısı şəkildə onların əlinə mənəvi prinsiplərdən kənara çıxan televiziya proqramları verir. 

...MTRŞ-nın rəhbərliyi ilə müstəqil televiziya rəhbərlərinin çarpazlaşan baxışlarında birinci tərəf konservatorluq edib, abır-həya, əxlaqi rituallar axtarışına çıxmışdı və mövqeyində təklənmişdi. Dəyişilmə hədəfi olan reallıq, çoxluğu təmsil etdiyi üçün, bu tələblərə gülməyə, etirazçı olmağa başladı.

İkinci tərəf, təkcə onun baiskar olmadığı mövcud “şou”laşmış toplumun  nəbzini tutub, dərd, ağlaşma, yüngüllük  səhnələrinə, bər-bəzəyi və fiziki cazibəsi ilə gözqamaşdıran, efirə bar, restoran, kazino tramplinindən adlayan ifaçıların  ifasına pərdəni açıq saxlamaqda israr edirdi və  nə pis ki, mühafizəkar  tərəfi öz səbəblərində “udurdu”.   

Bu nə deməkdir?

Bir zamanlar gəlib evimizə qədər girən siyasət cəmiyyəti siyasiləşmiş topluma çevirmişdi və həyatımızdakı bu rəng yalnız öncüllər üçün müəyyən can qorxusu demək idisə, proseslərə tamaşaçı olan daha geniş kəsimi səviyyəli, məsuliyyətli, ölkə həyatına həssas və tərbiyəli nəsil kimi püxtələşdirirdi. Nə qədər gənc və orta yaşlı nəsil həmin dinamik proseslərin içərisində yetişirdi, xarizmatik liderlərin, mübariz insanların yolunu etalon seçib, karyerasını, sabahını bu istiqamət üzərində müəyyənləşdirirdi, bununla da səviyyəsiz, laqeyd, kosmopolit hissəni aşağı statistikada saxlayırdı.     

İctimai-siyasi həyatın çəkisi artdıqca,  mənəviyyat ayaqlar altına düşməkdən xilas olurdu. Çünki həssas və mürəkkəb dönəmin yanında bəsit əyləncə axtarışları,  soyunaraq efiri zəbt etmək, qeyri-əxlaqi hərəkətlərlə şüuru kövrək gəncliyin ağlını oğurlamaq və pis örnəyin daşıyıcısı statusunu möhkəmlətmək ayrı-ayrı fərdlərin və televiziyaların, müstəqil mətbuatın biznes maraqlarının xəyali projeləri belə, deyildi. 

İctimai-siyasi proseslər mürəkkəbdən sadəyə doğru səmtləşərkən, iqtisadi rifah artarkən, toplumun siyasiləşməsi zəiflədi, başqa mükəmməl alternativ olmadığı üçün cəmiyyət səviyyəsizlik epidemiyasına doğru sürətlə yuvarlanmağa başladı.   

İndi bu epidemiyanı aradan qaldırmaq, Milli Teleradio Şurasının başlatdığı işi davam etdirmək üçün kifayət qədər imkanlar var.

Evlənmə, ağlaşma proqramları, şou aləminin meydan sulaması, onların  populyarlıq dönəmi Milli Teleradio Şurasının ilk cəhdi ilə bir qədər zəifləyib, təbii olaraqsa yeni bir dönəmə uduzmaq zorundadır.

Dünya geo-siyasi ziddiyyətlərin içərisində çabalayır. Azərbaycan bu ziddiyyətlərin bir parçasına çevrilib. Təsəvvür edə bilmədiyimiz din təhlükəsi qapının ağzına dirənmək istəyir. Azərbaycan tamaşaçısına Orta Şərqdəki prosesləri, siyasi qütblərarası çağdaş savaşları öyrənən, yaxın coğrafiyaları gözləyə bilən pis və yaxşı ehtimalları özündə ehtiva edən siyasi filmlər, siyasi müzakirə masaları  lazımdır.

Mirşahinin reytinqdə yüngül verilişlərə uduzan ağır siyasi yük daşıyan müəllif proqramları həftəlikdən gündəliyə keçid   dinamikası  tələb edir və öz aktuallığını artırır. Eləcə də digər televiziyalar üçün...    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı