Modern.az

Azərbaycanda Allahdan qorxanlar çoxdur, yoxsa allahsızlar?

Azərbaycanda Allahdan qorxanlar çoxdur, yoxsa allahsızlar?

Ülke

12 Yanvar 2011, 10:48


İnsanın qəlbində Allah qorxusunun olması onun üçün böyük nemətdir. Hər hikmətin əvvəli, başlanğıcı Allah qorxusudur. İnsan Allah qorxusu ilə insan kimi yaşayır, cinayətlərdən, günahlardan uzaq durur. Qurani-Kərimdə də bir neçə dəfə "Allahdan qorxun, Allahdan layiq olduğu kimi qorxun!" buyurulmaqdadır.

Bəs, bu gün cəmiyyətimizdə allahsızlar, yoxsa qəlbində Allah xofu olanlar çoxdu? Din xadimləri Modern.az-a bu məsələlərdən danışıblar.

Əlyazmalar İnstitutnun əməkdaşı, ruhani Musarıza Musəvinin fikrincə, cəmiyyətdə Allah qorxusu var. Allahın qorxusu göndərdiyi Quranda göstərilir. Quranın Bəqərə sürəsinin 2-ci ayəsində bildirilir ki, bu Allahdan qorxanlara yol göstərən bir kitabdır.

Bəqərə sürəsinin 3-ci ayəsində isə Allahdan qorxanların sifəti izah olunur. Allahdan qorxanlar onun qeybdə olduğuna inananlardır.

“Allahın varlığına inanan adam onun əmrlərinə də itaət etməlidir. Allahın birinci əmri isə namazdır. Həddi buluğa çatmış qız və oğlanlar Allaha itaət etmələrini sübüt etməlidirlər. Allahı tanıyan adam mütləq onun əmrlərini yerinə yetirməlidir. Daha sonra Allahın verdiyi nemətləri onun yolunda xərcləmək üçün hazır olmalıdır” –deyə Müsəvi bildirib.

Onun sözlərinə görə, Allahın hüdudlarını gözləyən insanlar elə ürəklərində Allah xofu olanlardır.

“Allahı sevən və ondan qorxan adam Allahın buyurduqlarını tanıyır və onları qoruyur. Allahın bir neçə hududları var. Məsələn, onlardan biri müqəddəs yerlər-məscidlər, müqəddəs ziyarətgalardan Kəbə, Kərbəla, Nəcəf və s. kimi hududlardır.  Bu hüdudları gözləmək vacibdir”-deyən Müsəvinin fikrincə, uca yaradanı tanıyan musəlmanın əynində hicab olmalıdır.

“Allahın varlığı cəmiyyətdə hicab, namaz və müsəlman kişisinin saqqalı ilə bilinir”-deyən Müsəvinin sözlərinə görə, buna baxmayaraq hər hicab geyən xanımı da allahpərəst kimi təqdim etmək olmaz:
“Hər saqqal saxlayan kişiyə də müsəlman demək olmaz. Allah qorxusundan ehtiyat edən adam hicabı, hududu, hədləri gözləməlidir”.

Din xadiminin fikrincə, Azərbaycan tarixən musəlman ölkəsi olub və yaxın keçmişə qədər Allah qorxusunu yaşadıblar. “Bugünku cəmiyyət isə Qərb təbliğatına uyub.  Sözdə “Allah” deyir, Qurana and içirlər, amma müqəddəs kitabın heç bir tələbinə əməl etmək iqtidarında deyillər. Bu cür insanlar yalançıdırlar və onlarda olan Allah qorxusu saxtadır”.

Musəvinin fikrincə, bu gün saxta Allah qorxusu ilə yaşayan cəmiyyətdə bu baxımdan dini savadsızlıq mövcuddur. “Onlar Allahdan necə qorxmaq, ehtiram etmək lazım olduğunu bilmirlər. Sadəcə olaraq aldanmış bir cəmiyyət kimi çıxış edirlər”.

Müsahibimiz hesab edir ki, əgər ölkəmizdə insanlara Allahı sevmək və Allahdan qorxmaq hissi Quranda yazılan qaydada  təlim olunsa, “o zaman vətəndaşlarımız hamısı gözəl də vətəndaş olarlar”.  
“Ürəyində Allah qorxusu olan adam halal adamdır, o başqasının haqqına girməz, əyrilik eləməz, yalan danışmaz və vətənpərvər olar. Həzrəti Məhəmməd peyğəmbər (s.v.s)  buyurur vətən sevgisi imandandır”.

Onun sözlərinə görə, cəmiyyətdə Allahdan qorxanlar da çoxdur. “Allaha olan sevgini əməlində göstərməlisən. İnsan bilməlidi ki, əməllərinin müqabilində mükafat və cəza var”.

Qafqaz Müsəlmanlar İdarəsinin şöbə müdiri Hacı Mirəziz Seyidzadə isə bildirib ki, burada “Allahdan qorxmaq” sözü daha çox Allahdan etdiyi günahların əzabından qorxmaq anlamındadır.

“Allah Quranda buyurur ki, “pis əməl törətsəniz, o əməlin müqabilində sizə cəza verərəm, ondan qorxun”. İnsan hər hansı bir əməli törədəndə gərək onun ağırlığını hiss etsin. Allaha sevgi, məhəbbət Allahı tanıyandan sonra baş verir. İnsan biraz öz üzərində işləsə, təhlil eləsə, Allahı daha gözəl dərk edər. Çünki Allahı tanıma sirlərinin hamısı təbiətdədi”-deyə M.Seyidzadə vurğulayıb.

QMİ rəsmisinin sözlərinə görə, Azərbaycan cəmiyətində ürəyində allah xofu, məhəbbəti, qorxusu  olanlar  daha coxdur.  “Allah Quranda buyurur: “Pak adam paklarla buluşar. Hər adam öz tayını tapar, heç vaxt yaxşı pislə qovuşmaz”.
Bəzən biz kənardan tanımadığımız adamlara qarşı pis münasibət bəsliyirik. Onlar bəlkə də Allaha daha yaxındı, nəinki bizim tanıdığımız adamlar”.

Hacının sözlərinə görə, cəmiyyətimizdə Allahı tanıyanlar tanımıyanlardan daha çoxdu.

Mail AĞAXANOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı