Modern.az

I qrupun abituriyentləri də imtahan verdilər

I qrupun abituriyentləri də imtahan verdilər

Страна

10 İyul 2011, 09:00

Onların ən yaşlısı 53, ən gənci 15 yaşındadır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 10-da 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə  I ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. TQDK-dan Modern.az-a verilən məlumata görə, imtahan Respublikanın 4 şəhərində - Bakıda 41, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7 binada keçirilib.

Orta ümumtəhsil müəssisələrindən 2515 nəzarətçi-müəllimin iştirak etdiyi imtahana 248 imtahan rəhbəri cəlb olunub.

İmtahanın gedişini işıqlandırmaq üçün 52 KİV nümayəndəsi TQDK-da akreditasiyadan keçib.

2011-ci ildə  I qrup üzrə  33587  abituriyent ərizə təqdim edib.

I ixtisas qrupu üzrə sənəd verənlərin 30965 nəfəri Azərbaycan bölməsinin, 2622 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin  19825  nəfərini oğlanlar, 13762  nəfərini isə qızlar təşkil edir.

18257 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur.

13974 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 128 abituriyent  xarici ölkələrin vətəndaşıdır. 127 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali  təhsil almaq arzusundadır.

1229 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.

Ən yaşlı abituriyent 1958-ci ildən, ən gənc isə 1996-cı ildəndir.

Bakı şəhərində 24152 abituriyent, Naxçıvanda 1327 abituriyent, Gəncədə 3891, Sumqayıtda isə 4217 abituriyent imtahan verib. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb.

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən I ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. İyulun 10-da saat 19:00-da «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.

I ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər.

I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 14-dən 20-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə I ixtisas qrupuna  daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.  

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq.  

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən  təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı