Modern.az

Hərbi hissədəki qətli araşdıran istintaq qrupunun rəhbəri danışdı

Hərbi hissədəki qətli araşdıran istintaq qrupunun rəhbəri danışdı

Eğitim

29 Yanvar 2010, 18:56

Daşkəsəndəki “N” saylı hərbi hissədə baş vermiş hadisəni araşdıran istintaq qrupunun rəhbəri, respublika hərbi prokurorunun müavini, ədliyyə polkovniki Şəfahət İmranov “Media forum”a açıqlama verib.

Ş.İmanov bildirib ki, hadisəni törədən və özləri də həlak olan əsgərlərin meyitləri artıq valideynlərə təhvil verilib.

Yaralanmış iki hərbçiyə gəlincə, istintaq qrupunun rəhbəri onların vəziyyətinin qənaətbəxş olduğunu söyləyib: “Hazırda hər iki hərbçi Gəncədəki hərbi hospitaldadır. Onlara güllə dəyib. Amma həyatları və səhhətləri ilə bağlı heç bir təhlükə yoxdur”.

Müdafiə Nazirliyinin məlumatında hərbi qulluqçuları gülləyə tutan əsgərlərin sonda bir-birilərini öldürdüyü deyilir. Ancaq Ş.İmranov bildirib ki, bu barədə qəti fikir söyləmək hələ tezdir: “Biz bunun belə olduğunu indidən deyə bilmərik. Hələ istintaq gedir”.

Hadisə yanvarın 28-i Müdafiə Nazirliyinin Daşkəsəndəki Qaraqullar kəndindəki hərbi hissədə baş verib.

Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, baş vermiş hadisə Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə araşdırılır.

Respublika hərbi prokurorunun müavini, ədliyyə polkovniki Şəfahət İmranovun rəhbərliyi ilə yaradılmış, Ağır Cinayətlərə Dair Mühüm İşlər üzrə İstintaq İdarəsinin müstəntiqləri, Gəncə Hərbi Prokurorluğunun əməkdaşlarından ibarət qrup hazırda hadisə yerindədir.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı