Milli Məclisin deputatı Vahid Əhmədov Quba şəhərindəki ofisində seçiləri ilə görüşərək, onları qəbul edib. Qəbula gəlmiş 31 seçicinin hamısı təkbətək qəbul edilərək, dinlənilib. Mənzillərin təmiri və bərpası, ev tikintisi üçün torpaqların verilməsi, təmir işləri üçün materialın ayrılması, kənd təsərrüfatı kreditlərinin verilməsindəki bürokratik əngəllər, tikilmiş evlərin özəlləşdirilməsində yaranan çətinliklər və s. məsələlər budəfəki qəbulun əsas araşdırma mövzularından olub. Kənd təsərrüfatı işlərinə start verildiyi bir zamanda aidiyyatı qurumların onlara lazım olan dəstəyin verilməsi məsələsi də qabardılan mövzulardan olub. Bir neçə problem yerindəcə həll edilib, qalan məsələlər nəzarətə götürülərək, icrası üçün istiqamətlər müəyyənləşdirilib.
Qəbuldan sonra millət vəkilinin rayon icra hakimiyyətinin başçısı M.Ağayevlə görüşü olub, rayon üçün aktual olan məsələlər söhbət mövzusu olub. Hazırda Quba şəhərinin bəzi küçələrinin asfaltlama işləri ilə tanış olan millət vəkili öz səlhiyyətləri çərçivəsində bu işlərə dəstək və kömək edəçəyini bildirib. Növbəti qəbul may ayına planlaşdırılıb.





