
Deputatların Milli Məclisin son iclaslarında səsvermə zamanı zalda olmaması və onların yerinə digər deputatların, hətta parlamentin hansısa işçisinin səs verməsi ciddi müzakirə olunur. Modern.az saytı məsələyə ayrı-ayrıl deputatların münasibətini öyrənib.
Vahid Əhmədovun fikrincə, bu, yolverilməzdir: “Hər deputat hər bir məsələyə görə özü səs verməlidir. Düzdür, digər ölkə parlamentlərində də bəzən bir nəfərin 10 nəfərin yerinə səs verdiyini görmüşük. Amma parlament elə bir qurumdur ki, orada daha çox qayda-qanuna əməl olunmalıdır. Parlament birbaşa qanun qəbul edən bir orqandır. Hər kəs öz yerinə səs versə, daha yaxşı olar. Amma mən zalda qabaq sırada oturduğumdan deputatların yerinə kiminsə səs verdiyini görməmişəm”.
Deputatın sözlərinə görə, onun yerinə də başqasının səs verməsi mümkündür: “Ancaq bu müzakirə olunan məsələdən asılıdır. Hansısa qanuna dəyişiklik müzakirəyə çıxarılırsa və mənim buna etirazım yoxdursa, o zaman bir başqası səs verə bilər. Lakin bu çox nadir hallarda olur. İclasların demək olar əksəriyyətində iştirak etdiyimdən, müzakirə olunan məsələlərə də özüm münasibət bildirirəm”.
Digər deputat Fazil Mustafanın sözlərinə görə, Milli Məclisin işçisinin deputatın əvəzinə səsverməsi qanunauyğun deyil:
“Milli Məclisin hər hansı bir işçisinin deputatın əvəzinə səs verməsi qanunlara ziddir, ümumiyyətlə, yolverilməzdir və bu məsələyə münasibət bildirilməlidir. Amma Milli Məclis deputatının başqasının əvəzinə səs verməsini qadağan edən heç bir norma yoxdur. Ona görə ki, burada səsvermə deputatın iradəsinin ifadəsidir. Əgər deputat özü iclasda qeydiyyatdan keçibsə, onda o bütün müzakirə zamanı zalda oturmağa borclu deyil. Türkiyədə də belədir. Bəzən iclas zalında 20-30 deputat oturur. Deputatlar hər hansı səbəbdən zalda olmaya bilərlər. Deputat əgər qeydiyyatdan keçibsə, özü iştirak etməyəndə həmkarlarından birindən onun əvəzinə müzakirəyə çıxarılan məsələnin əleyhinə, yaxud lehinə səs verməsinin xahiş edə bilər. Amma o xahiş etmədən, özbaşına onun əvəzinə kimsə səs verirsə, bu yolverilməzdir və həmin deputat istənilən vaxt bu məsələ ilə bağlı həm Milli Məclis rəhbərliyinə, həm də İntizam komissiyasına şikayət edə bilər. Məsələn, mən də bəzən vacib bir iş olanda deputat həmkarımın, xahişi ilə onun yerinə səs vermişəm. Yəni bunu qadağan edən heç bir norma, burada məsuliyyət yaradan heç bir amil yoxdur. Amma aparat işçisinin deputatın əvəzinə səs verməsi qanuna ziddir, yolverilməzdir və bu məsələ ilə bağlı ölçü götürülməlidir”.
Millət vəkili Asim Mollazadə də hesab edir ki, hər kəs iclas zalında olmalı və özü səs verməlidir: “Deputatın səs verməmək hüququ da var. Yəni hansısa məsələ ilə razı deyilsə, səsvermədə iştirak etmək istəmirsə, səs verməmək hüququ var. Məsələn, mənim xahişi olmadan yerimə səs vermirlər”.
Deputat İlyas İsmayılov isə deputatın digər həmkarının əvəzinə səs verməyini normal hal hesab edir: “Mən bunda qeyri-adi bir şey görmürəm. Məsələn, yanımda oturan deputat həmkarımın müəyyən işi olanda, yaxud iclas zalından üzrlü səbəbdən çıxanda, onun əvəzinə səs verməyimi xahiş edir. Əslində, mən onun istəyi ilə müzakirə olunan məsələnin lehinə, yaxud əleyhinə səs verməklə həm də onun öz iradəsini həyata keçirirəm. Bəzən mən də deputat həmkarlarımdan əvəzimə səs verilməsini xahiş edirəm. Ancaq deputat olmayan şəxsin səs verməsini əlbəttə, düzgün hesab etmirəm”.
Misranə Həsənzadə