Modern.az

“Serbiyanın Qarabağla bağlı mövqeyini yüksək qiymətləndirirəm”

“Serbiyanın Qarabağla bağlı mövqeyini yüksək qiymətləndirirəm”

Eğitim

11 Dekabr 2014, 16:44


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Serbiya Respublikasının parlamentinin sədri xanım Maya Qoykoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Modern.az saytı xəbər verir ki, Azərbaycan ilə Serbiya arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan dövlət başçısı siyasi əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib və bunun iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı zəmin yaratdığını bildirib.

Xanım Maya Qoykoviç ölkəsinin iqtisadi əməkdaşlığın genişləndirilməsində və Azərbaycanın Serbiya iqtisadiyyatına investisiya qoymasında maraqlı olduğunu bildirdi. Parlament sədri ölkələrimizin beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlıq etdiyini deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəklədiyini deyən xanım Maya Qoykoviç Kosovo ilə bağlı Azərbaycanın mövqeyinə görə minnətdarlığını bildirib.  

Parlament sədri ölkəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldılmasını, eləcə də dahi bəstəkar Üzeyir Hacıbəylinin Serbiyada, Bakıda isə serb xalqının böyük oğlu Nikola Teslanın abidələrinin açılışını ölkələrimiz arasında dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirib. O, Serbiyada məscid və kilsənin əsaslı şəkildə yenidən qurulmasına və bu yaxınlarda daşqınlar zamanı ilk ölkələrdən biri olaraq Azərbaycanın göstərdiyi yardıma görə serb xalqı və şəxsən öz adından Prezident İlham Əliyevə minnətdarlıq edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Serbiyanın mövqeyini yüksək qiymətləndirən Prezident İlham Əliyev Azərbaycanın da Kosovo ilə əlaqədar Serbiyanın mövqeyini dəstəklədiyini bir daha vurğulayıb.

Görüşdə ölkələrimiz arasında nəqliyyat, investisiya qoyuluşu, energetika və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.                                                      

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı