Modern.az

«Ali Attestasiya Komissiyası ləğv edilməlidir» - Qüdrət Həsənquliyev

«Ali Attestasiya Komissiyası ləğv edilməlidir» - Qüdrət Həsənquliyev

Education

25 Dekabr 2014, 14:52

Milli Məclisin Elm və təhsil komitəsində “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı BAXCP sədri, deputat Qüdrət Həsənquliyev layihədəki qüsurlardan danışıb.

Modern.az-ın verdiyi xəbərə görə, onun fikrincə, elmi adların verilməsində problemlər var. Deputat qeyd edib ki, elmi dərəcəsi olmayan şəxslərə dosent, professor adı verilməsi düzgün deyil:

“Onlar da müsabiqə vasitəsilə müvafiq elmi vəzifəyə təyin olunmalıdırlar. Bu müddəanın qəbul olunması sonradan elm sahəsində bir çox nöqsanların ortaya çıxmasına səbəb olacaq. Ali Attestasiya Komissiyasını ləğv etməliyik, çünki inkişaf etmiş ölkələrdə bu komissiya fəaliyyət göstərmir, yaxud ekspertlərə səlahiyyət verilməlidir ki, böyük bir prosesdən keçdikdən sonra elmi işi təsdiq etməsin, o zaman həmin elmi rəhbər dərhal elmi dərəcədən mərhum edilməlidir. Ümumiyyətlə, Azərbaycanda elmi işə səs verən bütün alimlər elmi dərəcələrindən mərhum olmalıdırlar. Əgər onlar plagiat işə oxumadan səs verirlərsə, elmi rəhbər saxta işə səs verirsə, onların fəaliyyətinin qarşısı alınmalıdır. Düşünürəm ki, bu sahədə müvafiq qərar qəbul etməliyik. Bilirik ki, Ali Attestasiya Komissiyası əlavə bürokratik mərhələdir. Bu qurumda burada deyilməsi mümkün olmayan hadisələr baş verir”.

Qüdrət Həsənquliyev onu da bildirib ki, Azərbaycanda elm sahəsində inkişafa nail olmaq üçün elm adamlarının xarici dil bilməsi də vacibdir: “Beynəlxalq elmi arenaya daxil olmaq üçün alimlərin xarici dil bilməsi lazımdır. Buna görə də “Elm haqqında” qanun layihəsinə bununla bağlı müddəa salınsa, daha yaxşı olardı”.

Deputat bildirib ki, “Elm haqqında” qanun layihəsində magistr və doktorantların müsabiqədən kənar işə götürülməsini nəzərdə tutan maddənin olması düzgün deyil. Onun fikrincə, bu, əlavə korrupsiya hallarına yol aça bilər: “Hər kəs müsabiqə yolu ilə işə qəbul olunmalıdır. Nəzərdə tutulan müddəada isə müsabiqədən kənar işə götürülmə nəzərdə tutulub. Düşünürəm ki, elmi müəssisə rəhbərlərini də Elmi Şura seçməlidir. Universitet rəhbərləri də seçim yolu ilə olmalıdır”.

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı