Modern.az

Bakıda Qaradağlı faciəsi anılıb

Bakıda Qaradağlı faciəsi anılıb

Təhsil

16 Fevral 2015, 16:18

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Xocavənd rayon İcra Hakimiyyəti ilə birlikdə Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən Nərimanlıkənd tam orta məktəbində Qaradağlı faciəsinin 23 illiyi ilə əlaqədar “Uydurma “erməni soyqırımı” və Qaradağlı faciəsi” adlı tədbir keçirib.

Bu barədə Modern.az-a birliyin rəhbəri Esmira Orucova məlumat verib.

O, Xocavənd rayon icra hakimiyyəti başçısının Bakı şəhəri üzrə səlahiyyətli nümayəndəsi, şəhid Nahid Hüseynovun qardaşı Eynur Hüseynov, başçının Xətaikənd üzrə nümayəndəsi Kamran Babayev, Qaradağlı kənd sakini, həmin hadisənin canlı şahidi, şəhid atası Hacı Adil Hüseynov və başqaları çıxış ediblər. Şəhid, əsir, itkin ailələrinin iştirakı ilə keçən tədbir Qaradağlı haqqında çəkilən filmin nümayişi ilə sona çatıb. “Həsrət Yolu” ibtidai sinif şagirdlərinə beynəlxalq humanitar təşkilatın ictimai birliyə verdiyi hədiyyələr paylanılıb.

Qaradağlı faciəsi zamanı əsir-girov götürülən şəxslərin qaytarılması, itkinlərin taleyinə aydınlıq gətirilməsi üçün “Həsrət Yolu” BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin başçılarına, Beynəlxalq Qızıl Xaç Komitəsinə və Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinə müraciət qəbul edilib.

1992-ci il fevral ayının 15-də erməni hərbi quldur birləşmələri ermənilər yaşayan kəndlərin sakinləri, muzdlu döyüşçülər, Xankəndində yerləşən 366-cı motoatıcı alayın quduzlaşmış hərbçiləri Xankəndi yolunun qarşısında duran alınmaz qala sayılan, 14 erməni kəndinin əhatəsində yerləşən Xocavənd rayonunun Qaradağlı kəndinə 5 istiqamətdən hücuma keçiblər. Səhər tezdən azğınlaşmış erməni quldurları kəndi mühasirəyə alıblar. Onların məqsədi yeganə gediş-gəliş yolu olan Qaradağlı kəndini zəbt etmək və azərbaycanlılarla Xankəndi arasındakı əlaqəni kəsmək idi. Qəhrəman Qaradağlı sakinləri azərbaycanlı qanına susamış müasir tipli texnika ilə təchiz olunmuş erməni təcavüzkarlarının və onların havadarlarının hücumlarına 2 gün sinə gəriblər. Ölümlə üz-üzə duran qaradağlılar hər tərəfə - Ağdama, Bakıya kömək üçün müraciət etsələr də o vaxtkı hakimiyyətin səriştəsizliyi nəticəsində onların səsinə hay verən olmayıb.

Fevral ayının 17-də səhər tezdən kənd sakinlərinin sursatı tamamilə tükəndiyi üçün ermənilər istədiklərinə nail olub, Qaradağlı kəndini işğal ediblər. Günortaya yaxın erməni işğalçıları kənd sakinlərini maşınlara doldurub, Xankəndinə tərəf aparıblar.

Qaradağlı faciəsi zamanı 800 nəfər əhalisi olan kəndin hər 10 nəfərindən biri məhv edilib. 9 nəfər – Əliyev Vətən Əmirxan oğlu, Əliyev Zakir Kərəm oğlu, Əmrahov Nəsir Nurəddin oğlu, Axundov Hafiz Elmaz oğlu, Vəliyev Füzuli Cavad oğlu, Hüseynov Əbülfət Mehman oğlu, Dadaşov Mikayıl İslam oğlu, Kərimov Firdovsi Azay oğlu, Mustafayev Malik İslam oğlu əsir götürülüb. 6 nəfər itkin düşüb və 90 nəfərə yaxın adam şəhid olub.


Gülşən RAUFQIZI
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı