
“Biz Azərbaycanda təhsil alan iranlı tələbələrin elmi-mədəni birliyi olaraq Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar bildiririk: Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir”.
Modern.az-ın məlumatına görə, bu bəyanatla Azərbaycanda təhsil alan iranlı tələbələr çıxış ediblər. Tələbələrin bəyanatında deyilir ki, beynəlxalq hüquqa əsasən, genosid ən ağır cinayətlərdəndir: “Lakin təəssüf ki, Azərbaycanda dinc əhaliyə qarşı belə dəhşətli soyqırımı aktları həyata keçirilməsinə baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz qiymətini almayıb. İkili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq, bu hadisə xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı sanksiyalar tətbiq edilməlidir.
Nüfuzlu beynəlxalq qurumları birmənalı mövqe nümayiş etdirərək, bir daha bu soyqırımı pisləməyə, onu törədənlərin layiq olduqları cəzanı tezliklə alması üçün səyləri artırmağa çağırırıq. Bir daha bəyan edirik ki, Ermənistan münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad edilməli, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa olunmalı, onlar öz doğma yurdlarına qayıtmalı, günahsız, dinc insanları məhv edən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdır”.
İranlı tələbələrin fikrincə, artiq 23 ildir dünya, o cümlədən İran xalqı Xocalı faciəsini Azərbaycan xalqı ilə birgə qeyd edir, konfranslar, tədbirlər, sərgilər təşkil etməklə Azərbaycanla həmdərd olduqlarını nümayiş etdirir. "Biz iranlı tələbələrin Azərbaycandaki birliyi olaraq Xocalı faciəsinin xatirəsini dərin ehtiramla yad edib və bəşəriyyətə qarşı törədilən hər növ cinayəti pisləyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!".