
Bakı şəhərindəki 47 saylı tam orta məktəbdə yaradılan “Sağlam təhsil-sağlam millət” sinfi ilə tanışlıq məqsədilə mediatur keçirilib. Modern.az bildirir ki, tədbir zamanı kütləvi informasiya vasitələrinin nümayəndələrinə “Sağlam təhsil” sinifləri barədə məlumat verilib. Məlum olub ki, 2015-2016-cı tədris ilində “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində daha 52 “Sağlam təhsil” sinfi yaradılıb. Hazırda Bakıda 33, Sumqayıtda 1 ümumtəhsil məktəbi olmaqla, ümumilikdə 34 təhsil ocağında 67 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir. Həmin siniflərdən 15-i ötən tədris ilində yaradılıb.
“Sağlam təhsil” siniflərində tədris hərəkətli təlim şəraitində həyata keçirilir. Şagird masaları həm oturaraq, həm də ayaq üstə çalışmaq imkanı verir. Bu siniflərdə dərs deyən müəllimlərin maarifləndirməsini daha səmərəli təşkil etmək məqsədilə “Sinif gigiyenası” adlı metodik vəsait hazırlanıb və həmin vəsait müəllimlərə çatdırılıb.
Ötən tədris ilindən fəaliyyət göstərən 15 “Sağlam təhsil” sinfində keçirilən tibbi monitorinq bu siniflərdə tətbiq edilən texnologiyaların uşaqların sağlamlığına müsbət təsir etdiyini aşkara çıxarıb. Bundan əlavə, belə siniflərdə təhsil alan şagirdlərin fiziki və intellektual cəhətdən daha yaxşı inkişaf etdiyi, onların öyrənmə qabiliyyətinin, habelə emosional-psixoloji durumunun yüksəldiyi müəyyən edilib.
“Sağlam təhsil-sağlam millət” layihəsinin əsas məqsədi təhsil alanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir.
Təhsil Nazirliyinin pilot layihələrlə iş sektorunun aparıcı məsləhətçisi Afət Süleymanovanın sözlərinə görə, layihənin əsas məqsədi uşaqların 11 il fiziki sağlamlıqlarını da qorumasıdır: “Layihəni başlayanda 2500 uşağı monitorinqə cəlb etmişdik. Hazırda 10 min uşaq monitorinqə cəlb olunub ki, gələn ildə layihə davam etdirilsin. Uşaqların onurğa, ürək-damar sistemində problemlərin olduğu aşkar edilib. Bu fəsadlar bir neçə il də artmaqda davam edəcək. Bizim də məqsədimiz bu fəsadların artmasının qarşısını almaqdır. Biz bunun üçün Rusiya təcrübəsinin üzərində dayandıq. Rusiya Milli Elmlər Akademiyasının müxbir üzvü Vladimir Vazarovun təcrübəsindən istifadə etdik. Rusiyada 5 il ərzində 3000 məktəbdə onun təcrübəsi tətbiq edilib və ciddi nəticələr verib”.
Azərbaycan Tibb Universitetinin uşaq və yeniyetmə gigiyenası kafedrasının dosenti Şəhla Balayevanın fikrincə, “Sağlam təhsil” siniflərində tədrisin təşkili şagirdlərin iş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün əlverişli olub, onların intellektual və fiziki cəhətdən daha yaxşı inkişaf etməsinə şərait yaradır: “Məktəblilərin həyat tərzi, qidalanması onların sağlamlığının formalaşmasında böyük rol oynayır. Bu baxımdan valideynlərin üzərinə daha böyük məsuliyyət düşür. Valideynlər uşaqlarının düzgün gün rejimini təşkil edərək, buna nəzarət etməli, onların qidalanmasına, kifayət qədər yatmasına, açıq havada fəal istirahət etməsinə, televizor, kompüter və digər texnologiyalarla uzun müddət məşğul olmamağına xüsusi diqqət etməlidirlər. Valideynlər uşaqları körpəlikdən sağlam həyat tərzinə alışdırmalı və bu baxımdan özləri onlara nümunə olmalıdırlar”.

Vüsalə QƏZƏNFƏRQIZI