Modern.az

“Xocalı və Srebrenitsa soyqrımı şahidlərinin dünyaya birgə müraciəti mühüm addımdır”

“Xocalı və Srebrenitsa soyqrımı şahidlərinin dünyaya birgə müraciəti mühüm addımdır”

23 Fevral 2018, 11:36

Xocalı və Srebrenitsa soyqırımı şahidləri  dünya ictimaiyyətinə birgə müraciət edib. Fevralın 22-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində Xocalıda hər iki valideyni qətlə yetirilmiş gənclərdən Murad Hüseynov və Səbinə Məhərrəmova Srebrenitsa soyqırımı zamanı hər iki valideynini itirən şəxslərlə görüşüb. Görüş Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının boşnak dilinə tərcümə edilən “Böyüməyən uşaqlar”  kitabının təqdimatı zamanı baş tutub. Tədbir Azərbaycanın  Bosniya- Herseqovinadakı diplomatik nümayəndəliyinin təşkilatçılığı ilə gerçəkləşib.
Görüş zamanı gənclər uşaq yaşlarında üzləşdikləri faciəni bir daha xatırlayıblar. Görüşün sonunda Xocalı və Srebrenitsa soyqırımının dəhşətlərini yaşayan və hər iki valideynini itirmiş gənclərin dünya ictimaiyyətinə birgə müraciəti qəbul edilib.

Xocalı və Srebrenitsa soyqırımı zamanı eyni faciəni yaşamış gənclər beynəlxalq aləmə “Xocalı soyqırımını tanıyın!” şüarı ilə çağırış ediblər.


Modern.az
saytı birgə müraciətin Xocalı soyqırımının tanınması istiqamətindəki əhəmiyyətləri ilə bağlı bir neçə deputatla həmsöhbət olub.


Deputat Rasim Musabəyov
birgə müraciətin beynəlxalq aləmi cəlb edə biləcəyini düşünür:

“Bu müraciətin bilavasitə hansısa nəticəsi olacağı ilə bağlı nəsə deməyə çətinlik çəkirəm. Lakin hər bir halda bu, diqqəti bütün dünyanın gözü qabağında törədilən və cəzasız qalan vəhşiliyə yönəldə bilər. Bildiyiniz kimi, Srebrenitsadakı hadisələrlə bağlı Haaqa Məhkəməsi olub və cinayəti törədən şəxslər cavab veriblər.

Ancaq Xocalı soyqırımını törədən cinayətkarları- Robert Koçaryan, Serj Sarkisyan kimi şəxsləri prezident kimi qəbul edirlər, boyunlarından ordenlər asırlar, görüşlər keçirib əllərini  sıxırlar. Halbuki, onların da yeri məhkəmədir. Düşünürəm ki, Xocalı və Srebrenitsa soyqırımı şahidlərinin dünyaya birgə müraciəti  beynəlxalq aləmi həqiqətlərə cəlb edə bilər”.

Deputat Asim Mollazadə bildirib ki, Xocalı və Srebrenitsa soyqırımı şahidlərinin dünyaya birgə müraciətinə ciddi önəm vermək lazımdır:


“Azərbaycan  Xocalı faciəsi ilə bağlı hər zaman dünyanı məlumatlandırmalıdır. Hərbi cinayətlər nəticəsində mülki şəxslərə qarşı törədilən işgəncələr  insanlıq tərəfindən qəbul edilməməlidir. Hərbi cinayətlər ədalət məhkəməsinə cəlb olunmalıdır. Biz Xocalıya ədalət istəyirik. Gələcəkdə belə faciələrin təkrar olunmaması üçün bu cinayətləri törətmiş şəxslər beynəlxalq tribunalın ədalətinə cəlb olunmalıdır.

Mənə elə gəlir ki,  Xocalı və Srebrenitsa soyqırımı şahidlərinin dünyaya birgə müraciətinə ciddi önəm vermək lazımdır. Çalışmalıyıq ki, dünyada törədilən bu cür cinayətlərin qarşısı məhz beynəlxalq tribunal tərəfindən düzgün qiymətləndirilsin və cinayətkarlar məsuliyyətə cəlb olunsunlar”.

Deputat  Elman Nəsirov qeyd edib ki, Xocalı və Srebrenitsa qətliamı şahidlərinin birgə müraciəti Xocalı hadisələrinin soyqırımı kimi tanıdılması istiqamətində atılan mühüm addımdır:


“Hər halda bizə məlumdur ki, soyqırımı məsələsinin beynəlxalq aləmə tanıdılması asan proses deyil. Kifayət qədər qəlizliklər, çətinliklər mövcuddur. Xüsusilə də fikir versəniz, görərsiniz ki, dünyanın müxtəlif hissələrində törədilən cinayətlərə görə cəzanın verilməsi, məsuliyyətin nəzərdə tutulması həmin ölkələrdə cinayəti törədənlərin hakimiyyətdən  getməsindən  sonra  baş tutub.  Bu nöqteyi-nəzərdən  nə qədər ki, Ermənistanda cinayət törədən rejim hakimiyyətdədir, dünya sanki nə görür, nə də eşidir.

Buna baxmayaraq, Azərbaycan dövləti  bu istiqamətdə  ciddi addımlar atmaqdadır.  Prezident İlham Əliyevin,  ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi siyasətin, eyni zamanda 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan  “Xocalıya Ədalət” kampaniyasının nəticəsi olaraq bu gün dünyanın 10 ölkəsi, ABŞ-ın təxminən 22 ştatı Xocalı hadisələrini məhz soyqırımı kimi tanıyıb.  Bu soyqırımının daha çox ölkə tərəfindən tanınması və tarixi həqiqətlərin öz yerini tapması əsas hədəfimizdir. Bu istiqamətdə atılan hər bir addım təbii ki, bizi həmin məqsədə  yaxınlaşdırır. Bu baxımdan Srebrenitsada baş vermiş bəşəri cinayətlə paralel şəkildə Xocalı soyqırımı haqda birgə bəyanatın hazırlanması və onun beynəlxalq ictimaiyyətə ünvanlanması əlbəttə, vacib məsələdir”.


Deputat deyib ki, beynəlxalq ictimaiyyət nə vaxtsa Xocalı soyqırımını qəbul edəcək:

“Xüsusilə də bugünkü dünyada informasiya təhlükəsizliyi çox mühüm məsələdir.  Düşmən tərəf Azərbaycana qarşı həm də informasiya müharibəsi aparır. Buna görə də atılan bu addım- həm Xocalı, həm də Srebrenitsa şahidlərinin  “Xocalı soyqırımını tanıyın!” çağırışı hesab edirəm ki, olduqca mühüm  əhəmiyyətə malikdir.

Dünya ictimaiyyəti  Xocalı soyqırımına nə qədər biganə qalsa da, “dama-dama göl olar” prinsipi ilə yanaşsaq, gec-tez həqiqət öz yerini tapacaq. Sadəcə, yetər ki, usanmayasan, bezməyəsən və dünya birliyinin qapısını hər zaman döyəsən. Belə olduğu halda bir gün beynəlxalq ictimaiyyət qapını döyüb içəri girmək istəyənin kim olduğu ilə maraqlanacaq. Nə vaxtsa o qapını açıb bütün reallıqları, Xocalı dəhşətlərini onlara olduğu kimi çatdırmaq imkanı əldə edə biləcəyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər