Modern.az

Putinin həbs ssenarisi gerçəkləşə bilərmi? - O getsə, nələr dəyişər...

Putinin həbs ssenarisi gerçəkləşə bilərmi? - O getsə, nələr dəyişər...

30 Mart 2023, 09:34

Martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin, eləcə də Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün beynəlxalq order vermişdi. Beynəlxalq Cinayət Məhkəməsindən bildirilmişdi ki, Putin və Lvova-Belova ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə şübhəli bilinirlər. Putin Roma Statutuna imza atan 123 ölkədən hər hansı birinə getsə, həbs olunacaq.

 

Putinin həbsi nə qədər real görsənir və o, hakimiyyətdən gedərsə, Rusiyada nə dəyişəcək? 

 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Natiq Miri bildirib ki, ümumiyyətlə Putinin həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ciddi hüquqi, siyasi hadisədir:

 

“Qərb ölkələrinə Putinin rəsmi, yaxud işgüzar səfəri mümkün deyil. Belə olduğu təqdirdə onun həbsi reallaşa bilər. Putin isə buna şərait yaratmayacaq. Burada əsas hədəflərdən biri, artıq presedent yaradılmasından ibarətdir. Rusiya qlobal güc mərkəzlərindən biri olan və nüvə silahına malik ölkədir. Bu ölkə eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Buna baxmayaraq onun prezidenti barədə həbs qərarının verilməsi özlüyündə  ciddi hüquqi, siyasi hadisədir. Bu cür qərar verməklə Rusiyadakı bütün siyasi, hərbi elitaya mesaj verildi. Gələcək perspektivdə heç kəs həbsdən sığortalana bilməyəcək. Bu xof, qorxu Rusiya siyasi elitasında ciddi şəkildə oturuşmağa başlayıb. Rusiya prezidentinin fəaliyyət istiqamətlərini tamamilə daraltdılar. Putini həbs etmək istəməyən ölkələr də onu bu vəziyyətdə ölkəsində görmək istəməyəcək. Çünki bu, həmin ölkəyə ciddi təsir mexanizmləri yarada bilər. Bunu da heç bir ölkə istəməz. Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olan ölkələr mütləq mənada bu qərarı yerinə yetirmək məcburiyyətindədir. Bu da Putin və Rusiya dövləti üzərində çox ciddi basqı yaradır. Digər bir mesaj Rusiyaya yardım edən və etmək istəyən ölkələrə yönəlib.  Mesaj Rusiyaya yardım etmək istəyən ölkələrin rəhbərlərinin də  gələcəkdə bu cür həbslərdən sığortalanmadığı ilə bağlıdır”.

 

 

“Rusiyanın imperial düşüncəsi aradan qalxmayınca, fərdlərin dəyişməsi mahiyyət etibarilə heç nəyi dəyişməyəcək. Qərb düşünür ki, Putin hakimiyyətdən gedərsə, ümumilkdə sistem də dəyişməlidir. Başqa bir rejim, idarəetmə sistemi bərqərar olmalıdır. Təəssüf ki, bu gün Rusiyadakı siyasi beyinlər Putindən heç də fərqlənmir. Məsələn, demokrat olduğu deyilən Aleksandr Navalnını Putinin yerinə hakimiyyətə gətirsəniz, heç nə dəyişməyəcək. Navalnı da demokratiya pərdəsi altında böyük Rusiya ideyasını davam etdirmək istəyir. Ona görə də, sistem kökündən dəyişməsə, yeni təfəkkür, yeni idarəetmə sistemi olmayacaqsa, Rusiyada dəyişən heç nə olmayacaq. Yeri gəlmişkən, Rusiya indi əvvəlki kimi deyil. Ukrayna cəbhəsində kifayət qədər zəifləyib. Əvvəlki gücünə qayıtmaq üçün on illərə ehtiyac var”, - deyə siyasi ekspert əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir