Modern.az

Bayramovla Mirzoyan Nyu-Yorkda nəyi müzakirə edəcək? - Sülh prosesində yeni mərhələ

Bayramovla Mirzoyan Nyu-Yorkda nəyi müzakirə edəcək? - Sülh prosesində yeni mərhələ

Analitika

Bu gün, 13:16

Dünyanın gözü ABŞ-nin Nyu-York şəhərindədir. Belə ki, bu gün BMT Baş Assambleyasının 81-ci sessiyası keçiriləcək. Sessiyada Azərbaycan və Ermənistan da iştirak edəcəklər. Azərbaycanı BMT-nin toplantısında xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. XİN-dən onun xarici rəsmilərlə görüşü təsdiqlənib. Beləliklə, Ceyhun Bayramovun erməni həmkarı ilə də görüşməsi istisna deyil. Mümkün görüşdə, hansı mövzuların müzakirə olunacağı diqqət çəkir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a açıqlamasında bildirib ki, görüş zamanı tərəflərin sülh prosesinin davam etdirilməsi ilə bağlı mövqelərinə aydınlıq gətirilə bilər:

“Gündəmdə çox məsələ ola bilər. Amma istisna olunmur ki, nazirlər səviyyəsində indiki vəziyyət və sülh prosesinin davam etdirilməsi ilə bağlı tərəflərin mövqeləri müzakirə olunsun. Bəzi məsələlərə aydınlıq gətirilməlidir. Məsələn, referendum məsələsi. Biz artıq mart ayından eşidirik ki, onlar referendum layihəsini ictimaiyyətə açıqlayacaqlar. Amma bu, hələ baş verməyib. Digər məsələlər də var. Məsələn, Azərbaycana qarşı həyata keçirilən kampaniya, o cümlədən Azərbaycan ərazisində xarici diplomatların səfərləri ilə bağlı məsələlər müzakirə oluna bilər. Yəni müzakirə olunacaq məsələlər çoxdur".

             

Tofiq Zülfüqarov sülh sazişinin paraflanması ilə bağlı yanaşmalara da toxunub. O bildirib ki, sənəddə tərəflərin ərazi bütövlüyünü tanıması ilə bağlı birbaşa müddəa yoxdur:

“Bu rəsmi sənəddir. Bəzən bizdə və Ermənistan tərəfindən belə fikir səslənir ki, sənəd paraflanıb, indi imzalandıqdan sonra ölkələr bir-birinin ərazi bütövlüyünü tanıyacaq. Amma rəsmi sənəddə ərazi bütövlüyünün tanınması ilə bağlı belə bir fikir səslənmir. Burada sadəcə olaraq delimitasiya və demarkasiya nəticəsində əldə olunmuş sərhədin yekun variantını qəbul etmək, tanımaq və ona hörmət etməkdən söhbət gedir”.

Sabiq nazirin sözlərinə görə, hazırda Azərbaycan-Ermənistan sərhədinin yekun olaraq müəyyənləşdirildiyini demək mümkün deyil:

“Hazırda belə bir vəziyyət yoxdur ki, tərəflərdən biri desin: bu, mənim ərazimdir. Hələ bunu müəyyən etmək lazımdır. Bu proses nəticəsində ortaya çıxacaq sərhəd qüvvəyə minəcək. Paşinyanın bu məsələyə öz baxışı var, Azərbaycanın öz mövqeyi var, Ermənistanda müxalifətin də fərqli yanaşmaları mövcuddur. Ona görə də hansısa işarənin qoyulması və ya sənədin imzalanması ilə sərhədin avtomatik müəyyənləşdiyini düşünmək düzgün deyil. Bu, belə deyil və belə də ola bilməz”.

O bildirib ki, Ceyhun Bayramov-Ararat Mirzoyan görüşündən dərhal konkret qərarlar gözləmək düzgün olmazdı.

Sabiq nazirin sözlərinə görə, tərəflər əvvəlcə mövcud məsələləri müzakirə etməli və bir-birinin mövqelərinə aydınlıq gətirməlidir.

“Fikir mübadiləsi aparılacaq. Hansısa qərar qəbul olunmasa belə, iki tərəf müəyyən bir yol keçməlidir. Müzakirə etməlidirlər, nəyə görə bu və ya digər addımların atıldığını izah etməlidirlər. Biz ictimaiyyət olaraq bəzi kritik məqamları görürük, amma onların barəsində müzakirələr aparılmalıdır. Hər bir dövlətin daxilində də bu məsələ müzakirə olunmalıdır. Bu, bir prosesdir. Görüşə "mən sənə bunu dedim, sən mənə onu dedin və qərar qəbul edildi" yanaşması ilə baxmaq düzgün deyil. Hesab edirəm ki, yanaşma daha peşəkar olmalıdır”.

Tofiq Zülfüqarov Ermənistan tərəfinin görüş zamanı daxili siyasi amilləri də gündəmə gətirə biləcəyini istisna etməyib:

“Bunların nə deyəcəkləri təxminən bəllidir. Bundan əvvəl parlament seçkilərini bəhanə edirdilər, indi isə deyə bilərlər ki, yerli idarəetmə orqanlarına seçkilər var və müəyyən məsələlərdə addım ata bilməzlər. Belə arqumentlər səsləndirə bilərlər. Danışıqlarda məsələni müxtəlif səbəblərlə uzatmağa başlayırlarsa, bu, onların prosesi uzatmaq mövqeyində olduğunu açıq göstərir. Bizim nazir təcrübəli adamdır. Söhbətin əsasında hansı fikir formalaşacaqsa, eləcə də dövlət başçısına məruzə olunacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı