Modern.az

Müxalifət növbədənkənar seçkiyə gedəcək? - Liderlər DANIŞDILAR

Müxalifət növbədənkənar seçkiyə gedəcək? - Liderlər DANIŞDILAR

Aktual

7 Dekabr 2023, 17:23

Azərbaycanda gələn il növbədənkənar prezident seçkiləri keçiriləcək. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Seçkilər 2024-cü il fevralın 7-nə təyin edilib.

Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə prezident seçkiləri 2018-ci ilin aprelində keçirilmişdi. Həmin il baş tutan növbədənkənar seçkidə bir sıra müxalifət partiyaları iştitrak etməmişdi.

Bəs bu dəfə necə, müxalifət partiyaları seçkiyə gecədəkmi?

Modern.az saytı bu sualla müxalifət partiyalarının rəhbərlərinə müraciət edib.
 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu prezident seçkilərində iştirak etmək niyyətində olmadığını söyləyib:
 

“Lakin bu, mənim şəxsi qərarımdan asılı deyil. Partiyanın rəhbər orqanları var. Məsələni müzakirə edəcəyik. Əgər müzakirə zamanı seçkilərdə iştirak etməməklə bağlı mənimlə razılaşacaqlarsa, ya ümumiyyətlə bitərəf qalacağıq, ya da tərəfdarlarımızı hansısa namizədə səs verməyə çağıracağıq. Xəstə olduğuma görə hazırda işə çıxa bilmirəm. Amma birinci gün mütləq işə çıxacam. İdarə heyətinin ilkin rəyini formalaşdırmalıyıq”.

S.Cəlaloğlu indiki məqamda seçkilərin keçirilməsini məqsədəmüvafiq hesab etmədiyini deyib:


“Hazırkı mürəkkəb geosiyasi durumda növbədənkənar seçki niyə keçirilir? Azərbaycanın indiki dövrdə qazandığı az-çox uğurlar Prezident İlham Əliyevin başlatdığı siyasətlə bağlıdır. Seçki nəticəsində iqtidar dəyişsə, bu siyasəti kim, necə aparacaq?”.
 

Müsavat Partiyasının sədri Arif Hacılı yaxın zamanda məsələni müzakirə edəcəklərini bildirib:
 

“Prezident seçkilərinə münasibət, iştirak edib-etməmək kimi məsələlər Müsavat Partiyasının seçkili qurumunun toplantısında müəyyənləşəcək. Yaxın zamanlarda məsələni müzakirə edəcəyik”.
 



Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn vurğulayıb ki, seçkilərdə iştirak etmək qanunun tələbidir:


“Seçkilərdə kimin namizəd olacağı idarə heyətində müzakirə olunacaq. Mərkəzi Seçki Komissiyasının elanından sonra ona uyğun öz qərarımızı verəcəyik”.
 

Azad Vətən Partiyasının sədri Akif Nağı qeyd edib ki, namizədlə bağlı sabah və ya gələn həftənin əvvəlində toplantı keçirilə bilər:
 

“Rəhbərlik, partiyanın müəyyən strukturları məsələni müzakirə edib, qərar qəbul edəcək. Prezident seçkiləri partiya üçün önəmli hadisədir. Toplantı sabah və ya gələn həftənin əvvəlində keçirilə bilər. Dekabrın 23-də onsuz da Siyasi Şuranın iclası təyin olunmuşdu”.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək