Modern.az

Zahid Orucdan seçicilərə müraciət: Bizə qalib vətəndaş lazımdır!

Zahid Orucdan seçicilərə müraciət: Bizə qalib vətəndaş lazımdır!

Aktual

15 Yanvar 2024, 12:30

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc seçkiqabağı təşviqata start verib.

 

Modern.az-ın məlumatına görə, o, seçki kampaniyasında "Qalib Gələcəyə-HƏ!", "4-cü Respublika: Azərbaycanın Qalib Yüz İli!", "Ən böyük sərvət İnsandır!" devizlərindən istifadə edir.

 

Zahid Oruc təşviqat çərçivəsində qalib seçiciyə-vətəndaşa müraciət edib. Müraciəti təqdim edirik:

 

"Zəfər tarixində ilk dəfə taleyüklü hadisə - prezident seçkiləri keçiriləcək. Qalib ölkə öz prezidentini seçəcək. Azərbaycan dövlətçiliyinin öz inkişafında növbəti yeni tarixi mərhələyə aparacaq bu seçkilər bütün mənalarda xüsusi əhəmiyyətə malikdir. 


İlk olaraq namizədliyimi nə üçün irəli sürməyimlə bağlı sualı qısa cavablandırıram.


Zəfər tarixini yazan xalqımıza hər zaman həqiqətləri söyləməyə, “Siyasət səmimiyyəti əsla inkar etmir”-deyimini isbatlamağa çalışdıq.


Ölkəmiz də, əhatəmizdəki bütün qlobal münasibətlər sistemi tamamilə dəyişib, yeni dünya  nizamı quruciluğu gündəlikdədir. Bu gerçəklik nəinki 90-cı illər, hətta  2018-ci ildəki seçkilərlə müqayisə edilə bilməz. Tariximizdə ilk dəfə, müstəqillik dövründə bütün seçkilərdə namizədlərin öz proqramlarında ayrıca vurğuladığı ümumilli problem:“Qarabağ münaqişəsi, onun həlli yolları”, habelə, “Qaçqın və məcburi köçkünlər”adlanan bəndlərin yer almadığı seçki prosesində iştirak edirik! Yaranan yeni tarixi reallığın ilk fərqli xüsusiyyəti budur.


Bu seçkilərə qədər  Qarabağda  Azərbaycanın prezidenti seçilməyib, indi tam suverenliyimizin təmin edildiyi bu ərazilərin əsil sahibləri ilk dəfə səs verəcək. Hesab edirik ki, Konstitusiyamızda qeyd edilən vahid hüquqi-siyasi, legitim  məkanın bütövləşdiyi şəraitdə seçkilərə namizəd və səsverən vətəndaş kimi qatılmaq tarixi hadisədir, hər bir insanın tərcümeyi-halının parlaq səhifəsidir. 


Dünyanın əksər dillərində eyni səslənən “Qələbə-qələbədir! Hər zaman alqışlanır!”,sülh danışıqlarında “hər kəs qazanır”  adlanan model var.Yəni, proseslərdə   bütün tərəflər qazanclı, uduşlu vəziyyətdə qalır. Dövlətimizin  yeni, daha möhtəşəm mərhələsinə vəsilə olacaq 7 fevral seçkilərindən məhz bütün xalqımızın, hər kəsin   namizəd kimi qoşulması hamıya uğur gətirəcək.


Seçkilərə mütləq olaraq qalib gəlmək üçün qatılmaq ritorikası kökündən yanlışdır. Dünyada yüzlərlə olimpiadalar, bilik və idman  yarışları keçirilir. Burada heç kim əvvəlcədən “qalib olmayacam- deyə qatılmıram”-düşüncəsində olmur.


Amerikanı “Böyük Depressiya”dan çıxarıb, “Yeni Amerika” quran prezident F.Ruzvelt növbəti seçkilərə gedəndə deyirdi: “Məni seçkilər maraqlandırmır, mən dövlət əhəmiyyətli məsələlərlə məşğulam!  Mən  Amerika xalqına “Yeni  Kurs” vəd edirəm. Bu, sadəcə seçki deyil. Yeni Amerika uğrunda səfərbərliyə çağırışdır!” 


F.Ruzvelt sayca 4-cü qələbəsindən həmən  sonra, andiçmə mərasiminin səhərisi Yaltaya-yeni dünya düzənini qurmağa gəlmişdi.


Bu gün də, analoji  proseslər baş verir.Çağırışlara cavab verə bilməyən ölkələr nəinki həmişəlik geri qala, hətta siyasi xəritədən yox ola, otuz il əvvəlki kimi adları   yalnız tarixdə qala bilər.


Azərbaycanın qarşıdakı 7 illik sabit bir zaman müddəti üçün  dövlətimizin yeni quruculuq mərhələsini şəkilləndirmək, proseslərə namizəd kimi öz baxışımızı təqdim etməyi vətəndaş borcu hesab edir, baxışlarımızı Azərbaycan seçicisinə təqdim edirik.  


Bizə bütün dövrlərdə,bütün sahələrdə-Qalib Azərbaycan, Qalib vətəndaş lazımdır!


Müstəqil namizəd kimi, hər kəsi “müxalifət-iqtidar qütbləşməsinin” fövqündə durmağa, yeni ölkə quruculuğunda fəal iştiraka dəvət edirik.Əminik ki, güclü ölkə-məhz güclü, fəal vətəndaşları ilə qurulur. 


Namizədlər arasında siyasi mədəniyyət, indi ilə keçmiş arasında sivil mübarizə formatında deyil, səngər məntiqi, mübahisələr, 90-cı illərin qütbləşmə zehniyyəti ilə düşünmək, yalnız hər birlimizin deyil, həm də quracağımız böyük gələcək üçün ayırdığımız vaxtın itkisi deməkdir. 


2020-ci ilin Zəfər gününə qədər  biz müharibə şəraitində yaşamışıq, artıq başqa -quruculuq, yaradıcılıq dövrü başlayır. 7 fevral, 2024-cü ildən müasir tarixdə qalib Azərbaycanın yeni yüz ilinin başlanğıc nöqtəsi olacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək