Modern.az

İlham Əliyevi ürəkdən təbrik edirəm - Tahir Kərimli

İlham Əliyevi ürəkdən təbrik edirəm - Tahir Kərimli

8 Fevral 2024, 09:44

Vəhdət Partiyası növbədənkənar Prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, bəyanatda deyilir:

 

"7 fevral tarixində ölkəmizdə keçirilən Prezident seçkiləri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoymuş Vətən müharibəsindən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində baş tutub. Bu müstəqil Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcıdır deyə bilərik. Qarabağın və Şərqi Zəngəzurun azadlığı, böyük Zəfər və nəhayət Xankəndidə dalğalanan bayraq da onu sübut edir ki, Azərbaycan indi daha güclüdür və yenilməzdir.

 

Vəhdət Partiyası Azərbaycana qarşı artan qərəzli xarici təzyiqlər fonunda ölkəmizdə Prezident seçkiləri keçirilməsini və bunu bütün dünyanın gözü qarşısında azad, demokratik və şəffaf şəkildə təşkil olunmasını yüksək dəyərləndirib. Seçki günü bir sıra seçki məntəqələrində və dairələrdə Partiyamızın müşahidəçiləri səsverməni yaxından izləyib. Onlar partiyamız tərəfindən təqdim edilmiş müşahidəçi anketlərini lazımi qaydada dolduraraq partiyanın qərargahına təqdim etmişlər. Partiyanın rəhbərliyi də seçkiləri müşahidəçi kimi canlı izləyib.

 

Birmənalı olaraq bəyan edirik ki, Prezident seçkiləri bütün demokratik dəyər və prinsiplərə uyğun şəkildə təşkil olunmuş, seçicilər çox aktiv şəkildə səsverməyə qatılıb. Seçki öncəsi təbliğat və təşviqat işləri üçün yaradılan imkanlar əslində seçkilərin tam demokratik və ədalətli şəkildə keçiriləcəyinin zəmini olub. Partiyanın müşahidəçilərinin, həmçinin digər namizədlərin, beynəlxalq təşkilatların və xarici ölkələrin müşahidəçilərinin rəylərini ümumiləşdirsək, bu seçkilərin əsl Zəfər seçkisi olduğunu qətiyyətlə deyə bilərik. Çünki Respublikanın ən ucqar yaşayış məntəqəsində belə cavan-qoca, hər kəs seçki məntəqələrinə gəlib və Qalib ölkənin Prezidentini seçmək üçün tələsiblər. Buna təkcə azərbaycanlılar və ölkəmizdə olan beynəlxalq müşahidəçilər deyil, bütün dünya şahid olub.

 

Seçkinin nəticəsində Azərbaycan xalqının müzəffər lideri İlham Əliyev yüksək faiz göstərici ilə seçicilərin etimadını qazanıb. Bu seçkilərin ədalətli nəticəsi ölkə Prezidenti tərəfindən son 20 ildə həyata keçirilən sosial, iqtisadi və siyasi islahatlara, hərbi qələbələrə geniş ictimai dəstəyin bariz göstəricisi olub. Vəhdət Partiyası adından İlham Əliyevi növbəti möhtəşəm zəfəri münasibətilə ürəkdən təbrik edir, Prezidentə yeni-yeni uğurlar, Azərbaycana sülh və səadət arzulayırıq".

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək