Modern.az

4 partiya təbrik bəyanatı YAYDI

4 partiya təbrik bəyanatı YAYDI

Aktual

8 Fevral 2024, 11:20

Daha iki partiya növbədənkənar prezident seçkilərində qələbə qazanan İlham Əliyevi təbrik edib.

 

Modern.az xəbər verir ki, Gələcək Azərbaycan Partiyasının bəyanatında deyilir:

 

"Azərbaycanda keçirilən hər bir seçkini ölkəmizdə siyasi təsisatların daha da təkmilləşməsi, özünü sınaması və uğurlu təcrübələr qazanması baxımından əhəmiyyətli hesab edən Gələcək Azərbaycan Partiyası 7 fevral tarixində keçirilmiş Prezident seçkilərinə də bu baxımdan müsbət yanaşmışdır. Gələcək Azərbaycan Partiyasının ötən ilin dekabr ayında keçirilən toplantısında Prezident seçkiləri məsələsi müzakirə edilmiş və partiyamızın Azərbaycan xalqının qalib Ali Baş Komandanı İlham Əliyevi dəstəkləyəcəyi və seçkilərdə müşahidəçi kimi iştirak etməyi haqqında qərar qəbul olunmuşdur.

 

Partiyanın qərarına uyğun olaraq üzvlərimiz ölkə ərazisindəki müxtəlif dairələrdə və Məntəqə Seçki Komissiyalarında müşahidəçi kimi qeydiyyatdan keçmiş və seçki günü səsverməni yaxından izləmişdir. Gələcək Azərbaycan Partiyasının üzvləri səsverməni müşahidə edərkən hansısa neqativ halla qarşılaşmamış və qanun pozuntularına rast gəlinməmişdir. Hər bir məntəqədə səsvermə prosesi 10, bəzən isə 15 nəfərə yaxın müşahidəçinin gözləri qarşısında şəffaf, demokratik və azad şəkildə keçirilmişdir.

 

7 fevral seçkiləri öz miqyasına və aktivliyinə görə bundan əvvəlki seçkilərdən xeyli fərqlənmişdir. Belə ki, səsvermə hüququ olan əhalinin böyük əksəriyyəti seçkidə iştirak etmək üçün günün müxtəlif saatlarında məntəqələrə gəlmişdir. Əsas seçici aktivliyi günün birinci yarısında müşahidə edilmişdir. Səsvermə prosesi boyu seçicilərə hansısa təzyiqlər edilməsinə, yaxud onların fikrini qarışdıra biləcək təbliğat materiallarına rast gəlinməmişdir.

 

Vətən müharibəsinin qalibi olan Azərbaycan xalqının bu seçkilərə yanaşması və öz Ali Baş Komandanına səs verərək onu yenidən qalib etməsi üçün qətiyyət göstərməsi seçkini izləyənləri heyrətləndirmişdir. Bunun nəticəsi olaraq Yeni Azərbaycan Partiyasının namizədi, ölkə Prezidenti İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq yenidən Azərbaycan Prezidenti seçilmişdir. Biz seçkinin nəticələrini legitim hesab edir və Prezident İlham Əliyevin yeni qələbəsi münasibətilə səmimi qəlbdən təbrik edirik. Hesab edirik ki, bu seçkini məhz Azərbaycan xalqı və dövləti qazanmışdır".

 

Azərbaycan Milli İstiqlal Partiyası da fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

 

Azərbaycan Milli İstiqlal Partiyası növbədənkənar Prezident seçkiləri elan olunduqdan dərhal sonra seçkilərdə iştirakla bağlı məsələni Partiya daxilində ətraflı müzakirəyə çıxarıb. AMİP Siyasi Şurası 15 dekabr 2023-cü il tarixdə müzakirələri yekunlaşdırmaqla müvafiq Qərar qəbul etmiş və 7 fevral 2024-cü il Prezident seçkilərində Partiyanın öz namizədi ilə iştirakı məqsədəuyğun hesab edilməsə də çoxsaylı partiya üzvləri tərəfindən seçkiləri müşahidə missiyasının həyata keçirilməsi qərara alınıb.

 

Partiyanın ölkə üzrə yerli rayon təşkilatlarının verdiyi məlumatlara əsaslanaraq, o cümlədən yerli və beynəlxalq müşahidəçilərin böyük əksəriyyətinin seçkilərin legitim, şəffaf və ədalətli keçdiyi, hər hansı zorakılıq halları müşahidə edilmədiyi ilə bağlı fikirlərini bölüşərək, media təmsilçilərinin məlumatlarını, eləcə də prezidentliyə namizədlərin seçkilərin nəticələri ilə bağlı bəyanatlarını nəzərə alaraq, Azərbaycan Milli İstiqlal Partiyası Prezident seçkilərini baş tutmuş hesab edir, yüksək seçici fəallığı ilə keçirildiyini, həmçinin, keçirilən seçkilərin Azərbaycan xalqının iradəsini özündə əks etdirməklə Azərbaycana qarşı güclənən xarici təhdidlər fonunda növbəti dəfə xalqla dövlətin birliyinin göstəricisinə çevrildiyi qənaətini ictimaiyyətə açıqlayır.

 

Cənab Prezident İlham Əliyevi ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə etməklə keçirilən Zəfər seçkilərində Azərbaycan xalqının böyük səs çoxluğunu qazanaraq qalib gəlməsi münasibətilə təbrik edir, yeni hədəflər və güclü, demokratik, firavan Azərbaycan uğrunda davamlı fəaliyyətində uğurlar arzulayırıq. İnanırıq ki, bu seçkilərdəki qələbə müxtəlif istiqamətlər üzrə islahatların həyata keçirilməsinə təkan verəcək və bundan qazanan məhz Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi olacaqdır.

 

Milli Dirçəliş Hərəkatı Partiyasının yayıdğı bəyanatda bildirilib ki, Prezident seçkilərində böyük təcrübəsi olan Milli Dirçəliş Hərəkatı Partiyası Azərbaycanda keçirilən növbəti prezident seçkilərində birbaşa namizədlə deyil, seçkiləri müşahidə missiyası ilə təmsil olunub. Qeyd edilib ki, Partiya öz müşahidəçilərini qanunvericiliyin tələblərinə uyğun şəkildə qeydiyyatdan keçirmiş və müşahidəçilər seçki günü səsvermənin izlənməsi, müvafiq məlumatların Partiyanın qərargahı ilə paylaşılması üçün təlimlərə cəlb edilib.

 

“Seçki günü səsvermə prosesini yüzdən çox partiya üzvü ayrı-ayrı məntəqələrdə canlı müşahidə edib. Onların günün müxtəlif saatlarında verdiyi məlumatlara əsasən Milli Dirçəliş Hərəkatı Partiyasının 7 fevral tarixində baş tutmuş Prezident seçkiləri ilə bağlı vahid rəyi hazırlanıb. Bu rəyə əsasən bildiririk ki, prezident seçkilərində səsvermə prosesi Mərkəzi Seçki Komissiyası tərəfindən yüksək səviyyədə təşkil edilib. Məntəqələr bütün zəruri avadanlıqla təchiz olunub, siyahılar zamanında dəqiqləşdirilib və məntəqələrə yerləşdirilib. Səsvermə günü seçici fəallığı çox yüksək olub, seçkiləri sosial mənsubiyyətinə, peşəsinə və ya siyasi baxışlarına görə fərqlənən xeyli sayda yerli və beynəlxalq müşahidəçi izləyib. Birbaşa müşahidə apardığımız hər bir məntəqədə 10 və daha çox sayda müşahidəçi olub.

 

İlk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən bu seçkilər işğaldan azad edilən torpaqlarda da uğurla təşkil olunub. Bu seçkiləri ölkənin müstəqillik tarixinin ən demokratik, azad, ədalətli və şəffaf seçkisi hesab edirik. Qeyd etmək lazımdır ki, sakit və dinc şəraitdə, heç bir qarşıdurma və ixtilaf olmadan keçirilən Azərbaycandakı Prezident seçkilərini digər ölkələr üçün nümunə hesab edilə bilər.

 

Prezident seçkiləri xalqın iradəsini tamamilə əks etdirib və Azərbaycana böyük uğurlar və qələbələr bəxş etmiş İlham Əliyev Azərbaycan Respublikasının yeni prezidenti seçilib. Azərbaycan xalqı Vətən müharibəsində olduğu kimi bu seçkilərdə də öz iradəsi və əqidəsi ilə qələbə qazanıb. Xalq və hakimiyyətin birliyi seçkinin uğurlu nəticəsini müəyyənləşdirib. Seçkidən dərhal sonra xalqın bu qələbəni bayram etməsi seçkilərin ədalətli keçirildiyini və xalqın istəyini ifadə etdiyini bir daha təsdiqləyir. Milli Dirçəliş Hərəkatı Partiyası bu möhtəşəm qələbə münasibətilə İlham Əliyevi təbrik edir, partiyamızın çoxsaylı üzvləri adından Prezidentə Azərbaycan naminə yeni-yeni qələbələr arzulayırıq”, - bəyanatda vurğulanıb.

 

Yeni Zaman Partiyası fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, prezident seçkilərinə öz müşahidə missiyası ilə qatılan Yeni Zaman Partiyası seçki günü ölkənin bir sıra seçki məntəqələrində və seçki dairələrində müşahidələr aparıb.

 

“Seçki öncəsi prosesi də diqqətlə izləyən Yeni Zaman Partiyası seçki iştirakçıları - seçicilər, namizədlər, müşahidəçilər, məşvərətçilər üçün qanunvericiliyin tələblərinə uyğun şərait yaradıldığının şahidi olub.

 

Ölkədə sərbəst toplaşma azadlığının tam təmin olunması namizədlərin seçicilərlə kollektiv görüşlərində özünü daha yaxşı göstərib. Müxtəlif rayonlarda və şəhərlərdə keçirilən açıq və qapalı görüşləri namizədlərin sosial şəbəkə hesablarında və mətbuatda paylaşması mövcud mənzərəni əyani şəkildə əks etdirib.

 

Namizədlər üçün ayrılan pulsuz efirlər zamanı digər namizədlərin hazırkı iqtidar nümayəndəsi ilə açıq polemikalara girməsi, iqtidarın mövcud siyasətində nöqsanların açıq-aydın şəkildə dilə gətirilməsi seçkinin azad rəqabət şəraitində keçirilməsinin göstəricisi olub.

 

Yeni Zaman Partiyasının müşahidəçiləri səsvermə prosesində hansısa nöqsanların qeydə alınmadığı haqda məlumatları partiyanın mərkəzi qərargahına günün müxtəlif saatlarında təqdim edib. Bu məlumatları, həmçinin, digər müşahidə missiyalarının, beynəlxalq müşahidəçilərin hesabatlarını, rəylərini nəzərə alaraq deyə bilərik ki, 7 fevral - prezident seçkiləri ədalətli, demokratik, qanunvericiliyin tələblərinə uyğun və şəffaf şəkildə keçirilib

.

1000 məntəqədə quraşdırılan veb-kameralar vasitəsilə apardığımız müşahidələr də seçkinin sakit, öz axarında keçdiyini təsdiqləyib. Bu prezident seçkilərində seçicilərin öncəki seçkilərə nisbətən daha aktiv olduğu müşahidə edilib.

 

Düşünürük ki, seçkilər düzgün məntiqi sonluqla başa çatdı. Azərbaycan xalqının Vətən müharibəsində də, ondan əvvəlki taleyüklü məsələlərdə də inandığı, arxalandığı və güvəndiyi namizəd İlham Əliyev yenidən xalqın böyük dəstəyini qazanaraq Prezident seçildi. Biz də Yeni Zaman Partiyası olaraq seçkilərin nəticəsini legtim hesab edir və cənab İlham Əliyevi qələbə qazanması münasibətilə ürəkdən təbrik edir, Prezidentə şərəfli fəaliyyətində uğurlar arzulayırıq”, - deyə bəyanatda bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək