Leninqrad vilayətində yaxın günlərdə yanacaq satışına vahid məhdudiyyət tətbiq ediləcək.
Modern.az xəbər verir ki, regional hökumətin mətbuat xidmətindən verilən məlumata görə, yeni qaydalara əsasən, bir avtomobil üçün nəzərdə tutulan limit 30 litr olacaq.
Hökumət bunun oktyabrın 1-dək qüvvədə olacaq "müvəqqəti tədbir" olduğunu bildirib. Region qubernatoru Aleksandr Drozdenko daha əvvəl açıqlamasında bu təklifin neft şirkətləri tərəfindən irəli sürüldüyünü qeyd edib.
"Əhali üçün QR-kodlar və talondan imtina etdik-bu, əlavə narahatlıq yaradır. "Tək-cüt" sistemini ehtiyatda saxlayırıq, lakin hələlik onsuz keçinməyə çalışacağıq",-deyə qubernator vurğulayıb.
Regionda yanacaqla bağlı vəziyyəti "mürəkkəb" kimi qiymətləndirən Drozdenko əsas məsələnin süni tələbatı artıran panikaya yol verməmək olduğunu bildirib. O, həmçinin əlavə edib ki, birjada tələb olunan həcmdə yanacaq ala bilmədikləri üçün kiçik və özəl YDM-lərin təxminən 20%-i fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.