filologiya üzrə elmlər doktoru, professor
Xalid Səidin M.Kaşğarinin “Divanü lüğat-it-türk”ün tərcüməsinin taleyi ilə bağlı qızı Bəhicə xanım müsahibəsində deyir: “1935-ci ildə Xalq Maarif Komissarlığının təşəbbüsü ilə “Divan”ın tərcüməsi (“Divanü luğat-it-türk” əsəri nəzərdə tutulur – B.X.) atama həvalə olundu. Özünün də yazdığı kimi, Xalid Səid həmin tərcüməni bitirmişdi. Hətta onu Leninqrada akademik Malova və Kraçkovskiyə aparmağı planlaşdırmışdı. Ancaq güllələnməsi onun bu arzusunu da gözündə qoydu... Ümumiyyətlə, “Divan”ın tərcüməsi zamanı atam bir neçə dəfə Leninqrada getmişdi. Hələ həbs olunmamışdan qabaq atamın anama dediklərini öz qulaqlarımla eşitdim və heç unutmadım”. (“Füzuliyə aid sualla Çobanzadəyə müraciət etdikdə o, tələbələrini Xalid Səidin yanına göndərərdi...” – “Ədəbiyyat” qəzeti, 14 noyabr 2008-ci il) Bəhicə xanım öz qulaqları ilə eşitdiyini və heç vaxt unutmadığını belə xatırlayır: “İki qovluq vardı. “Divan”ın (“Divanü luğat-it-türk” nəzərdə tutulur – B.X.) tərcüməsi həmin qovluqlardaydı. Qovluqları anama göstərib dedi ki, məndən sonra bu qovluqları istəsələr vermə. Əgər sizə pul lazım olsa və qovluqları vermək məcburiyyətində qalsanız, bu qovluqları tərəzidə çəkdirərsən, nə qədər gəlsə, qovluqların müqabilində o ağırlıqda da qızıl tələb edərsən. Yəqin ki, o bunu məcazi mənada deyirdi. Qovluqdakı əlyazmaların necə qiymətli olduğunu bildirmək istəyirdi”. (“Füzuliyə aid sualla Çobanzadəyə müraciət etdikdə o, tələbələrini Xalid Səidin yanına göndərərdi...” – “Ədəbiyyat” qəzeti, 14 noyabr 2008-ci il) Bəhicə xanımın atasının dediyini unutmadığı bu fikir: “Əgər sizə pul lazım olsa və qovluqları vermək məcburiyyətində qalsanız, bu qovluqları tərəzidə çəkdirərsən, nə qədər gəlsə, qovluqların müqabilində o ağırlıqda da qızıl tələb edərsən” fikri vaxtilə M.Kaşğarinin “Divanü luğat-it-türk” əsərinin aşkar olunması ilə bağlı bir məqamı yada salır: “Əli Əmiri Əfəndi tez-tez Bürhan bəyin dükanına gedər və ondan hər dəfə yeni bir kitab alıb evinə qayıdardı. Günlərin bir günü Bürhan bəyin əlinə yeni bir kitab düşür. Bu kitabı Bürhan bəyə verən şəxs ona demişdi ki, kitabı 30 lirəyə satsın. Kitab Türkiyənin keçmiş maliyyə naziri Nazif paşanın yaxınlarından olan yaşlı bir qadının (onun həyat yoldaşının) evində olmuşdur. Nazif paşa bu kitabın qiymətli olduğunu bilmişdir. Ona görə də kitabı həmin qadına verərkən demişdir ki, sənə verdiyim bu kitabı yaxşı saxla. Ehtiyac içində olduğun zaman onu aşağı qiymətə yox, 30 lirəyə sat. Beləliklə, həmişə Bürhan bəydən yeni bir kitab alan Əli Əmiri Əfəndi bu kitabı da almaq fikrində olmuşdur. Lakin onun yanında 15 lirəsi olduğu üçün ədəbiyyat müəllimi Faiq bəydən borc pul (lirə) almış və “Divani lüğət-it-türk” əsərinə sahib olmuşdur”. (Buludxan Xəlilov. Türkologiyaya giriş. Bakı, “Bakı Çap Evi” nəşriyyatı, 2013, s.132) Maraqlıdır ki, “Divani lüğət-it-türk” əsərini Nazif paşa həyat yoldaşına qiymətli bir kitab kimi yaxşı saxlamağı məsləhət bilmişdir. Eyni zamanda Xalid Səid də öz həyat yoldaşına lüğətin qovluqdakı Azərbaycan dilinə olan tərcüməsini qiymətli hesab edərək demişdir: “... Əgər sizə pul lazım olsa və qovluqları vermək məcburiyyətində qalsanız bu qovluqları tərəzidə çəkdirərsən, nə qədər gəlsə, qovluqların müqabilində o ağırlıqda da qızıl tələb edərsən” demişdir.
Xalid Səidin qızı Bəhicə xanım müsahibələrində deyir ki, atası tutularkən evdə səhərə qədər axtarış aparılıbdır və “Mahmud Kaşğarlının “Divani lüğət-it-türk” əsərinin tərcüməsini də, yəni o iki qovluğu da həmin gecə götürüblər...”. (“Füzuliyə aid sualla Çobanzadəyə müraciət etdikdə o, tələbələrini Xalid Səidin yanına göndərərdi...” – “Ədəbiyyat” qəzeti, 14 noyabr 2008-ci il)
Beləliklə, Xalid Səidin “Divani lüğət-it-türk” əsərinin Azərbaycan dilinə tərcüməsinin taleyi barədə müxtəlif olan fikirlərdən biri qızı Bəhicə xanımın fikridir ki, o, “Divan”ın tərcüməsinin atası tutulan gecə aparıldığını söyləyir. Başqa bir məlumata görə, 30-cu illərin ortalarında SSRİ EA-nın Azərbaycan filialının göstərişi ilə M.Kaşğarinin “Divani luğat-it-türk” əsərinin Azərbaycan dilinə tərcüməsi Xalid Səid Xacayevə tapşırılır. Tərcümə 1939-cu ildə başa çatır və həmin ildə də S.E.Malov və A.N.Kononov tərəfindən redaktə olunur. Ancaq əsər çap olunmur. 60-cı illərdə bu tərcümə yenidən Ə.Dəmirçizadə, Ə.Cəfər, C.Əfəndiyev tərəfindən təkmilləşdirilmiş və çapa verilmişdir. Ancaq yenə də çap olunmamışdır. (A.N.Kononov. İzuçenie “Divanu luğat-it-türk” Maxmuda Kaşqarskoqo v sovetskom soyuze. – Sovetskaya tyurkoloqiya. №1, yanvar-fevral, Baku, 1973, s.4)
Repressiya olunmuş türkoloqlar barədə kitab hazırlayarkən F.D.Aşnin, V.M.Alpatov, D.M.Nasilov Xalid Səid Xocayev barədə Bakıya – Əkrəm Cəfərə müraciət etmişlər. Bu barədə oxuyuruq: “Bakılı dilçi Əkrəm Cəfər öz münasibətini bildirmişdir. O, bizim 10 noyabr 1983-cü ildə yazılmış məktubumuzu 30 noyabrda cavablandıraraq, Bakıda X.S.Xocayevin qızı Bəhicənin, ər soyadı Məmmədovanın yaşadığını bildirmişdir. Tezliklə dekabrın 25-i Bəhicə xanımın özü (ona ünvanımızı Əkrəm Cəfər vermişdi) bizə məktub yazır və ailədə qorunub saxlanılan sənədlərin surətlərini göndərir. Onun məktubundan olan parça:
... Biz ailəlikcə Sizə minnətdarıq və özümüzü Sizə borclu hesab edirik, çünki Siz insanlara, əsasən türkoloji aləmə, dünyaya Xalid Səidi xatırlatmaq istəyirsiniz. Əkrəm müəllim mehribanca məni Sizin ona olan 2-ci məktubunuzun məzmunu ilə tanış etdi”. (bax: Ф.Д.Ашнин, В.М.Алпатов, Д.М.Насилов. Репрессированная тюркология. М.: Вост. лит, 2002, с.95)
F.D.Aşnin, V.M.Alpatov, D.M.Nasilov qeyd edir ki, sonra Məmmədova ailəsi haqqında bunları danışırdı:
“İndi isə qısaca faciəli taleyi olan, həyatdan vaxtsız gedən rəhmətlik Xalid Səiddən sonra dünyasını dəyişən insanlar haqqında. O, 1937-ci il iyun ayının 4-də həyatdan köçmüş, 20 il sonra isə, yəni 1957-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının 16 may 1957-ci il tarixli qərarına əsasən ölümündən sonra bəraət almışdır, “cinayət tərkibinin olmaması ilə” – bu bizə verilən arayışın dəqiq qısaca ifadəsidir. Onun ölüm tarixi 12 oktyabr 1937-ci il hesab edilir.
Məmmədova atasının qohumları haqqında bildiklərini danışdıqdan sonra atası barədə bunları yazırdı:
“Mən onlarla görüşür və onun tələbələri, aspirantları olduğu, ya da onu yaxından tanıyan insanlarla yaxşı tanış idim. Özüm də onun haqqında bəzi şeyləri xatırlayıram. Bunlar dəyərsiz, əhəmiyyətsiz arayış və kağızlarda öz əksini tapa bilməzdi. Onu çox xeyirxah və savadlı insan kimi tanıyırdılar. Onun mühazirələri o qədər maraqlı və məzmunlu olurdu ki, uzun müddət yaddaşlara həkk olunur və onilliklər keçməsinə baxmayaraq insanlar onu xatırlayaraq, haqqında həyəcanla danışırdılar”. (bax: Ф.Д.Ашнин, В.М.Алпатов, Д.М.Насилов. Репрессированная тюркология. М.: Вост. лит, 2002, с.95-96)
F.D.Aşnin, V.M.Alpatov, D.M.Nasilov Xalid Səid Xocayevlə S.Ağamalıoğlu arasındakı səmimi münasibət barədə də Məmmədovanın məktubuna istinad edirdilər: “Məmmədovanın yazdığı kimi, “onlar yaxşı dost idilər, birlikdə əməkdaşlıq edirdilər (əlifba məsələsi), Ağamalıoğlu ona mütəxəssis və bir insan kimi böyük dəyər verir və hörmət edirdi”. Azərbaycan yazısının latınlaşdırılması məsələlərinə Xocayevin xüsusi kitabı həsr olunmuşdur”. (bax: Ф.Д.Ашнин, В.М.Алпатов, Д.М.Насилов. Репрессированная тюркология. М.: Вост. лит, 2002, с.99)
M.Kaşğarinin “Divani lüğət-it-türk” əsərini Azərbaycan dilinə tərcümə etmiş Ramiz Əsgərin məlumatına görə, Xalid Səid Xocayevin etdiyi tərcümə AMEA-nın Dilçilik İnstitutundadır. O, həmin tərcümə ilə şəxsən tanış olubdur. Niyyəti belə olub ki, Xalid Səidin tərcüməsi üzərində işləyib, onu yenidən çap etdirsin. Ancaq bu niyyət baş tutmamışdır. O dövrün latın qrafikalı əlifbasında olan müəyyən fərqlər, o dövrdə işlənsə də, indi işlənməyən tərcümədə olan xeyli sözlərin mövcudluğu, tərcümədəki ərəb-fars ibarələrinin hazırda dilimizin lüğət tərkibinə uyuşmaması və s. çətinliklər Xalid Səidin tərcüməsi üzərində müəyyən təkmilləşdirmələrin aparılaraq yenidən çap olunmasına maneçilik göstərmişdir. (“Divanü lüğat-it-türk” ilk türk ensiklopediyasıdır”. Ramiz Əsgər: “Xalid Səid Xocayev adlı özbək əsilli dilçi əsərin tərcüməsinə görə məhv edilib”. – “Xalq Cəbhəsi” qəzeti. 2 may 2012-ci il)
Yeri gəlmişkən, onu da qeyd edək ki, Xalid Səid Xocayev həbs olunduqdan sonra istintaqda (1937-ci il iyulun 7-9-da) ona verilən suallardan biri belə olmuşdur: “1928-ci ildən sonra siz əskinqilabi təşkilati fəaliyyət aparmısınız?” Xalid Səid Cavab vermişdir: “Xeyr, aparmamışam. Mən pantürkist təbliğatı öz əsərlərimdə əks etdirmişəm, xüsusilə Mahmud Kaşğarinin “Türk sözləri lüğəti” kitabının tərcüməsində”. Sual: “Siz düz danışmırsınız. Bəsdirin, bizə müqavimət göstərməyin”. Cavab: “Bəli, etiraf edirəm ki, 1935-ci ildə APİ-nin tələbəsi, milliyyətcə özbək olan Salimsakovu əskinqilabi millətçi istiqamətə yönəltmişəm. 1928-1936-cı illər ərzində daha heç kəsi bu işə cəlb etməmişəm”. Sual: “Siz yenə də düz danışmırsınız. Bakıda elmi və pedaqoji işçilərlə əksinqilabi əlaqədə olmusunuzmu?” Cavab: “Etiraf etməyə məcburam ki, Vəli Xuluflu, Qulam Bağırov, Ziveld, Cabbar Məmmədzadə, Hənəfi Zeynallı və aspirantlardan Çobanzadə, Hüseynzadə və Dəmirçizadə ilə əksinqilabi əlaqədə olmuşam”. Sual: “Sizin onlarla əksinqilabi əlaqəniz nədən ibarət idi?” Cavab: “Bu şəxslərlə mən pantürkist söhbətlər edirdim və onlar da əksinqilabi pantürkist mövqeyindən danışırdılar. Bundan başqa, Vəli Xuluflu və Zifeld Mahmud Kaşğarinin pantürkist kitabını tərcümə etdiyim üçün məni müdafiə edirdilər”. (Ziya Bünyadov. Arxivlər açılır. – “Azərbaycan müəllimi” qəzeti. 10 yanvar 1990-cı il) Xalid Səidin istintaqının bu məqamını ona görə qeyd etdik ki, bir daha onun əqidəsinin, məfkurəsinin türkçü olduğu və M.Kaşğarinin “Divan”ını da bu ruhun yaxşı mənada təsiri altında tərcümə etdiyi aydınlığı ilə görünsün. Axı Xalid Səid Xocayev türkoloji düşüncənin yayılmasında və inkişaf etdirilməsində son dərəcə cəfakeş insan olmuşdur. Hətta türkoloji istiqamətdə işlər aparmasını və bu yöndə müəyyən tapşırıqları yerinə yetirməsini istintaq zamanı etiraf etmişdir. Odur ki, istintaq prosesindən bəzi məqamları yada salmaq yerinə düşər. Müstəntiq: “Bəsdirin, müqavimət göstərməyin. Azərbaycandan, türk ordusundan tərxis olunduqdan sonra sizin Türkiyə kəşfiyyatı ilə əlaqəniz barədə istintaqın kifayət qədər məlumatı var”. Cavab: Bəli, etiraf etməliyəm ki, təxminən 1924-cü ildə mən yenidən Türkiyə kəşfiyyatı ilə əlaqə yaratdım və təxminən 1937-ci ilədək onunla əlaqə saxladım”. Sual: “Türkiyə kəşfiyyatının verdiyi hansı tapşırıqları yerinə yetirirdiniz?” Cavab: “Türkiyə kəşfiyyatının tapşırığı üzrə mən təşkilatımızın özəyini İngiltərəyə meyldən uzaqlaşdırmaq üçün pantürkist təşkilatın üzvləri arasında türkofil işi aparırdım”. (Ziya Bünyadov. Arxivlər açılır. Xocayev Xalid Səid. İstintaq işi №12493 – “Azərbaycan müəllimi” qəzeti. 10 yanvar 1990-cı il)
Xalid Səid Xocayevin istintaqında elə məqamlar var ki, açıq-aydın ona olan təzyiq hiss olunur. Məsələn, o, müstəntiqin suallarına cavab verərkən “Etiraf etməyə məcburam ki, ...” ifadəsini işlətmişdir ki, bununla da ona təzyiqin olduğunu hiss etməmək mümkün deyildir. Yaxud müstəntiqin ona “Bəsdirin, müqavimət göstərməyin...”, “Bəsdirin, bizə müqavimət göstərməyin...”, “Siz yenə də düz danışmırsınız...” ifadələri təsdiq edir ki, Xalid Səidə etiraf etdirmək üçün hər cür hücumlar olmuşdur. Hətta bu etirafların bəzilərində yanlışlıqlar da var. Məsələn, Xalid Səid müstəntiqə deyir: “Etiraf etməyə məcburam ki, ... və aspirantlardan Çobanzadə, Hüseynzadə və Dəmirçizadə ilə əksinqilabi əlaqədə olmuşam”. Axı Bəkir Çobanzadə Birinci Türkoloji Qurultay dövründə və ona yaxın olan əvvəlki zamanlarda professor olmuşdur. Bəkir Çobanzadənin aspirant kimi qələmə verilməsi inandırıcı görünmür. Yəni bəzən faktlar təhrif olunur. Təki kiminsə boynuna hər hansı bir “günah” qoyulsun. Dəxli yoxdur hansı yolla olursa – olsun, ancaq “günah” qoyulsun. Və faktlar da təhrif olunsun. Professor əvəzinə aspirant yazılsın və s. Halbuki Bəkir Çobanzadə professor kimi, görkəmli türkoloq kimi təqdimat yazmışdır ki, Xalid Səid Xocayev müdafiə etmədən elmlər namizədi və dosent adı alsın. (Ə.Quliyev. İki xalqın oğlu. – “Elm” qəzeti. 23 iyul 1988-ci il)