Modern.az

Prezident Rusiya müdafiə nazirini qəbul edib - YENİLƏNİB

Prezident Rusiya müdafiə nazirini qəbul edib - YENİLƏNİB

Aktual

14 Avqust 2016, 20:32

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunu qəbul edib. Modern.az saytı xəbər verir ki, Sergey Şoyqu avqustun 14-də Bakıya gəlib.

APA-nın məlumatına görə, dövlət  başçısı Rusiya prezidenti Vladimir Putinin Azərbaycana son səfərinin uğurla keçdiyini vurğulayaraq səfər zamanı Azərbaycan və Rusiya prezidentlərinin görüşündə əlaqələrimizin geniş spektrini əhatə edən sahələrlə bağlı müzakirələr aparıldığını, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlığın uğurla reallaşdığını bildirib.

 

Prezident İlham Əliyev vurğulayıb ki, iki ölkənin dövlət başçılarının görüşü zamanı bildirilib ki, Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyədə olması əlaqələrimizin müxtəlif sahələrini əhatə edən məsələlərin, həmçinin regional təhlükəsizlik məsələlərinin həllinə imkan verəcək. Prezident İlham Əliyev qeyd edib ki, bu yaxınlarda Rusiyada keçirilən beynəlxalq ordu oyunlarında Azərbaycan komandasının ilk dəfə çıxış etməsini nəzərə alsaq nəticəni uğurlu hesab etmək olar. Dövlət başçısı Rusiya komandasının həmin oyunlarda qələbəsi münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev Rusiya müdafiə nazirinin Azərbaycana səfərinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığımızın perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılması işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinin Azərbaycana səfərinin və səfər zamanı prezident İlham Əliyevlə keçirdiyi görüşlərin ikitərəfli münasibətlərin, o cümlədən hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğulayıb. Sergey Şoyqu Azərbaycan Silahlı Qüvvələri nümayəndələrinin Rusiyada keçirilən hərbi oyunlarda iştirakını məmnunluqla qeyd edib.

Qeyd edək ki, Bakıda 14-15 avqust tarixlərində işgüzar səfərdə olacaq S. Şoyqu Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşəcək və görüşdə hərbi-texniki əməkdaşlıq, o cümlədən Dağlıq Qarabağ probleminin müzakirə olunacağı gözlənilir. Görüşdə beynəlxalq və regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olacaq.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı