Modern.az

AP-də azərbaycanlı deputatlara Qarabağa gedən avroparlamentarilər haqda izahat verilib

AP-də azərbaycanlı deputatlara Qarabağa gedən avroparlamentarilər haqda izahat verilib

Aktual

12 Aprel 2017, 13:17

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Avropa Parlamentinə səfəri davam edir.

Modern.az xəbər verir ki, Milli Məclisin nümayəndə heyəti Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Devid Makallister tərəfindən qəbul olunub. Görüşdə həmçinin Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədrləri Səyyad Kərim və Cavanşir Feyziyev, Avronest PA-nın həmsədri Rebeka Harms, Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi xanım Norika Nikolai, Avropa Parlamenti prezidentinin müşaviri və qurumun Xarici əlaqələr komitəsi katibliyinin rəhbəri iştirak ediblər.
 

D.Makallister Azərbaycan nümayəndə heyətinə bu səfər üçün təşəkkür edib və cari ilin may ayında Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri qismində böyük bir nümayəndə heyəti ilə Azərbaycana gəlmək niyyətində olduqlarını diqqətə çatdırıb.


Görüş zamanı Makallister işğal olunmuş ərazilərimizə qanunsuz səfər etdikləri üçün  Azərbaycan hökuməti tərəfindən haqlarında beynəlxalq həbs qərarı çıxarılan 3 avroparlamentari ilə bağlı məsələyə də toxunub. O, Azərbaycan tərəfinin mövqeyini və narahatlığını anlayışla qarşıladığını, həmkarlarının işğal olunmuş Azərbaycan ərazilərinə səfərindən təəssüfləndiyini bildirib. Bu məsələ ilə əlaqədar həmin deputatlarla görüşdüyünü və onlara Avropa Parlamentinin adını istifadə etməklə işğal olunmuş ərazilərə səfər etmələrinin, qondarma “seçkiləri” müşahidə etmələrinin yolverilməz olduğunu izah etdiyini diqqətə çatdırıb.


Daha sonra Avronest PA-nın həmsədri xanım Rebeka Harms və AP-nin Azərbaycan üzrə məruzəçisi xanım Norika Nikolai Azərbaycanda insan hüquqları ilə bağlı mövcud vəziyyətə dair suallarının Səməd Seyidov tərəfindən cavablandırılmasını xahiş ediblər.


Milli Məclisin komitə sədri ünvanlanan sualları cavablandıraraq insan hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı ölkədə atılan son addımlar haqda qarşı tərəfi ətraflı məlumatlandırıb. S.Seyidov son dövrlərdə Azərbaycan Prezidenti tərəfindən verilən əfv və amnistiya qərarları, Cinayət Məcəlləsinin humanistləşdirilməsi və mədən sənayesində şəffaflığın təmin olunması ilə bağlı imzalanmış sərəncamlar haqda ətraflı məlumat verib.

Sonda Avropa Parlament və Milli Məclis arasında ikitərəfli əlaqələrin və dialoqun intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb və bu istiqamətdə fəaliyyətin gücləndirilməsi zərurəti qeyd olunub.

 


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı