Xəbər verildiyi kimi Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İranda səfərdədir. O, aprelin 16-da Tehranda İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşüb.
Zakir Həsənovun İran səfəri nə vəd edir?
Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Modern.az-a açıqlama verib.
O deyib ki, İranla Azərbaycan arasında bütün sahələr üzrə əlaqələr var və hərbi sahədə də bu inkişaf artan xətt üzrə gedir.
“Zakir Həsənov İrana səfəri onu göstərir ki, Azərbaycan İranla hərbi sahədə olan əməkdaşlığını daha da genişləndirəcək. Mən bu səfər zamanı hansı məsələlərin müzakirə olunmasını dəqiq deyə bilməsəm də amma təxmin edə bilirəm. Bunlar Azərbaycanla İran arasında qaçaqmalçılığa və terrorizmə qarşı birgə mübarizə, İranın Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Hərbi Dəniz Qüvvələri ilə İranın Sahil Müdafiəsi ilə əlaqələrin qurulmasıdır”.
Üzeyir Cəfərov bildirib ki, səfə Ə.Şəmxani ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və sərhədlərin güc yolu ilə dəyişdirilməsinin əleyhinə olduğunu xüsusi qeyd edib və bu mühüm məsələdir.
“Azərbaycan hər zaman çalışır ki, bu məsələ sülh yolu ilə həllini tapsın. Əgər bu məsələ sülh yolu ilə həllini tapmayacaqsa, Azərbaycan öz üzərinə düşəni edəcək. Azərbaycanın müdafiə naziri də öz çıxışında bunu bir daha qeyd edib”.
Mirmahmud KAZIMOĞLU