Milli Məclisin Əmək və Sosial-Siyasət Komitəsinin sədri Hadi Rəcəbli, Lənkəranda, vaxtaşırı fiziki imkanları məhdud insanlarla görüş keçirir.
Modern.az xəbər verir ki, bu dəfəki görüşdə, ölkəmizdə baş tutmuş prezident seçkilərinin yekunu, İlham Əliyev dövlət quruculuğunun sosial-müdafiə sistemi, ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın hərtərəfli inkişaf strategiyasından söhbət açılıb. Deputat 2003-cü ildən etibarən Prezident cənab İlham Əliyev tərəfindən qlobal proseslərə və müasir çağırışlara adekvat şəkildə, praqmatik yanaşmalar əsasında bir çox ölkələr üçün örnəyə çevrilən milli inkişaf modeli mövzusunda mühazirə söyləyib. Qeyd olunmuşdur ki, əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində son illər ardıcıl addımlar atılır. Vurğulanmışdır ki, Azərbaycan xalqı, bütün sosial stratlar İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasət sahəsində atdığı addımları daim dəstəkləyir.
Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına uyğun Əlillərin hüquqları haqqında hazırlanan yeni qanun layihəsindən söz açılıb, əlillərin cəmiyyətə inteqrasiyası, onlar üçün iş yerlərinin yaradılması, əlçatanlığın təmin olunması məsələlərinə xüsusi diqqət yetirilib. Sosial sahədə yoxsulluq səviyyəsinin mümkün minimuma endirilməsi istiqamətində yürüdülən siyasətin davam etdirilməsi, aztəminatlı ailələrin etibarlı sosial müdafiəsinin təşkili, əhalinin orta təbəqəsi dairəsinin genişləndirilməsi və onun cəmiyyətin həyatında rolunun artırılmasının əsas hədəflər olduğundan söz açılıb.
Qanunların səmərəli icrasına nail omaq istiqamətində dövlətin islahat tədbirlərinin daha da səmərəli etmək üçün, hüquqi bazanın davamlı qaydada təkmilləşdirilməsi və əlillərin vəziyyətinin yaxşılaşdırılmasına real təminat yaradan qanunların və işlək mexanizmlərin formalaşdırılmasının vacibliyi qeyd olunub. Sosial ədalətin əsas prinsipi olan ünvanlılıq dedikdə sosial müdafiə tədbirlərinin çətin həyat şəraitində olan, aztəminatlı insanlara yönəldilməsi və bu məqsədlə hüquqi, təşkilatı əsasların yaradılması nəzərdə tutulur. Ünvanlılığın təmin olunması sahəsində ilk uğurlu addımları da məhz Ulu öndər Heydər Əliyev tərəfindən atıldığı vurğulanıb.
Əldə olunan möhtəşəm uğurlar cənab Prezidentin ilk növbədə ölkədə sosial ədalət prinsiplərinin yüksək səviyyədə təminatına yönələn siyasi kursunun, müasir yanaşmalara əsaslanan mükəmməl islahatlar konsepsiyasının Azərbaycanın perspektiv strateji hədəflərinə nail olması və inkişaf etmiş güclü dövlətlər sırasında yer alması üçün də alternativsiz olduğunu təsdiq edir.
Görüşdə iştirak edən Qarabağ əlillərindən Hüseynov Aydın,Feyziyev İdris, ümumi əlillərdən Əhmədov Bilal və başqaları onları maraqlandıran suallar verib, aldıqları cavabdan məmnun qaldıqlarını bildiriblər.
Eyni zamanda İlham Əliyevin rəhbərliyi altında yüksək uğurlara imza atmış müasir Azərbaycan dövlətinin təkcə Azərbaycanda yaşayan azərbaycanlıların deyil, əlli milyonluq bütün dünya azərbaycanlılarının dövlətinə çevrildiyi qeyd olunub.
Görüş, dövlətimiz tərəfindən onlara göstərilən bu qayğıya görə Prezidentimiz İlham Əliyev cənablarına səslənən təşəkkürlərlə bitib.