Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Komitəsi ötən gün Gəncədə baş verən yanğınla bağlı açıqlama yayıb. Açıqlamada deyilir:
“Bildiririk ki, 25 aprel 2018-ci il tarixdə Gəncə şəhəri ərazisində Rafiq Həsənəliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Alüminium zavodunun sanatoriyasında yanğın baş vermişdir. Baş vermiş hadisə nəticəsində Kəlbəcər rayonundan olan məcburi köçkün Alıməmmədov Malik Hidayət oğlunun mənzili ev əşyaları ilə birlikdə yanmışdır.
Bununla əlaqədar olaraq Komitə sədrinin tapşırığı əsasında Komitənin əməkdaşları dərhal həmin ərazidə olmuş, mövcud vəziyyətlə yerində tanış olmuşdur. Qeyd etmək istəyirik ki, operativ tədbirlər nəticəsində Alıməmmədov Malik Hidayət oğlunun mənzili qısa zamanda bərpa ediləcək və ailəyə müvafiq köməklik göstəriləcəkdir.
Bununla bağlı əlavə məlumat veriləcəkdir”.