Akademik Zərifə Əliyeva Azərbaycanda oftalmologiya sahəsində ilk qadın akademik kimi tibb işçilərinin hazırlanmasında, elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib, oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib.
Bu fikirləri YAP Gəncə şəhər Təşkilatında akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr edilmiş tədbirdə Gəncə Dövlət Universitetinin prorektoru, YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə səsləndirilib. Millət vəkili bildirib ki, Zərifə Əliyeva oftalmologiya elminə böyük töhfələr verib. Onun keçdiyi şərəfli həyat yolu bu gün də, gələcəkdə hər bir Azərbaycan vətəndaşı üçün kamillik və müdriklik məktəbidir.
YAP Gəncə şəhər Təşkilatı fəallarının, ziyalıların iştirak etdiyi tədbirdə bildirilib ki, respublikanın hər yerində olduğu kimi, Gəncə şəhərində də akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə bağlı silsilə tədbirlər, konfranslar keçirilir. Qeyd edilib ki, artıq hər il Gəncə şəhərində görkəmli oftalmoloqun xatirəsinə həsr olunmuş “Zəriflik” adlı Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq.
Oftalmoloq alimin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarından bəhs edən videoçarx nümayiş olunub.
Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva Zərifə Əliyevanın ömür yoluna nəzər salıb, akademiklə bağlı xatirələrindən danışıb. Zərifə xanım Əliyevanın zəngin və şərəfli ömür yolundan söhbət açan Gülsüm Fətəliyeva qeyd edib ki, görkəmli dövlət xadimi, tibb elmləri doktoru, professor, Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Ulu öndər Heydər Əliyevin həyatında və siyasi fəaliyyətində ona mənəvi dayaq olub.
Zərifə xanım Əliyevanın sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana kimi hamı üçün örnək olduğunu xüsusi ilə vurğulayan Elyanora Əsgərova, Rahiyyə Qurbanova və digər çıxış edənlər bildiriblər ki, Ulu Öndərin əsasını qoyduğu geniş quruculuq işləri, Zərifə xanımın çoxşaxəli humanitar missiyası bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Qeyd edilib ki, gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki orijinal kəşflərinə görə Zərifə xanım SSRİ Tibb Elmləri Akademiyasının akademiki Averbax adına yüksək mükafata layiq görülən ilk alim qadın idi.