Bu gün Ermənistanın paytaxtı Yerevanda müxalifət tərəfdarları yenidən etiraz aksiyalarına çıxıblar.
Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, yürüşə çıxan nümayişçilər mərkəzi küçələri bağlayıblar.
Aksiya iştirakçıları Ermənistan Respublika Partiyasının əleyhinə şüarlar səsləndiriblər. Polis mitinqçilərə müdaxilə etmir.
Nümayişçilər yürüşü axşamüstü Fransa meydanında bitirmək niyyətindədirlər. Ora müxalifət lideri Nikol Paşinyan da gələcək. Müxalifətçilər daha sonra Respublika meydanına gedərək orada mitinq keçirəməyi planlaşdırırlar.
Ermənistanın hakim Respublikaçı Partiyası (HHK) aprelin 28-də bəyan edib ki, ölkədə yaranmış siyasi böhranın daha da gərginləşdirilməməsi naminə öz namizədini baş nazir postuna nominasiya etməyəcək.
Ermənistan parlamenti istefaya getmiş Serj Sarkisyanı əvəz edəcək namizədə səs vermək üçün mayın 1-də toplaşacaq.
Hazırda baş nazir olmaq niyyətini açıq elan etmiş yeganə şəxs etiraz hərəkatının lideri Nikol Paşinyandır.
Amma hakim partiya öz namizədini verməsə də, bütün namizədləri nəzərdən keçirəcəyini və sonda blok kimi səs verəcəyini bildirib.
Aprelin 28-də Ermənistanın üçüncü böyük şəhəri Vanadzorda keçirilən mitinqdə Paşinyan bir daha təkrar edib ki, Karapetyanın baş nazir vəzifəsində qalması qeyri məqbuldur:
"Vətəndaşlar, xalq Karapetyana başa salmalıdır ki, o daha baş nazir ola bilməz, çünki respublikaçının baş nazir ola biləcəyi ölkə artıq mövcud deyil. Bu başqa bir Ermənistandır”.
Ermənistanda mitinqlər aprelin 13-dən davam edir. Aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib..