Tarif Şurasının qərarına əsasən avqustun 1-dən etibarən Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
Həmin vaxt Bakı Nəqliyyat Agentliyi (BNA) Tarif Şurasının qiymət tənzimlənməsilə bağlı qərarının sərnişindaşıma xidmətinin yüksəldiməsi istiqamətində işləri sürətləndirəcəyini açıqlamışdı.
Oktyabrın 2-də saat 18:25 radələrində metronun “Xalqlar Dostluğu” stansiyasının çıxışında (“Çiçək yağışı” mağazasının yanı) sərnişin götürən 12 saylı marşrut xəttində işləyən avtobusun vəziyyəti bunun tam əksini göstərir. Modern.az-ın əməkdaşı həmin avtobusun bir pəncərəsinin şüşəsinin tamamilə sınmış halda idarə olunduğuna şahidlik edib. Evinə tələsən sərnişinlər isə heç nə olmamış kimi, adi qaydada avtobusa minib lazım olan ünvana gediblər.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-ın sorğusuna cavab olaraq, məsələnin araşdırılacağını, daşıyıcıya lazımi xəbərdarlıq ediləcəyini bildirib.
