30 oktyabr 2026-cı il tarixində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonun bütün kəndlərini təmsil edən ağsaqqallar ilə görüş keçirib.
Modern.az xəbər verir ki, görüşdə rayonun kəndlərində mövcud sosial-iqtisadi vəziyyət, əhalini narahat edən məsələlər, həyata keçirilən abadlıq-quruculuq işləri və qarşıda duran vəzifələr müzakirə olunub. Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin başlıca prioritetlərindən birinin əhalinin sosial rifahının yüksəldilməsi, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması və ölkənin bütün yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi olduğunu vurğulayıb. O, bu istiqamətdə həyata keçirilən tədbirlər, regionların inkişafı, eləcə də kənd və qəsəbələrdə infrastrukturun yaxşılaşdırılması sahəsində görülən işlər barədə ətraflı məlumat verib.
Rüstəm Xəlilov xüsusi olaraq qeyd edib ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi, onların müraciət və təkliflərinin dinlənilməsi, qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlərin görülməsi əsas fəaliyyət istiqamətlərindən biridir. Bu baxımdan, rayon ağsaqqalları ilə keçirilən görüşlər, onların həyat təcrübəsinin, fikir və mülahizələrinin öyrənilməsi, ictimai həyatla bağlı təşəbbüslərinin dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir. Başçı ağsaqqalların zəngin həyat təcrübəsinin, müdrik məsləhətlərinin və ictimai fəallığının rayonun inkişafı baxımından əhəmiyyətini qeyd edib, onların təşəbbüslərinin hər zaman yüksək qiymətləndirildiyini bildirib.
Səmimi söhbət şəraitində keçən görüşdə ağsaqqallar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəklədiklərini bildirərək, ölkədə sabitliyin, davamlı inkişafın və xalq-iqtidar birliyinin qorunmasının vacibliyini vurğulayıblar. Eyni zamanda, yaşadıqları kəndlərdə mövcud olan problemləri, onları narahat edən məsələləri və müvafiq təkliflərini diqqətə çatdırıblar.