Modern.az

Azərbaycanda yeni cərimələr müəyyənləşdirilir

Azərbaycanda yeni cərimələr müəyyənləşdirilir

Ölkə

Bu gün, 13:35

Dövlət xidmətlərinin göstərilməsi zamanı qanunvericiliyin tələblərini pozan vəzifəli şəxslərə 250 manatdan 1050 manatadək, korrupsiya faktı barədə məlumat verən şəxslərə qarşı qisas məqsədilə qanunsuz tədbirlər görənlərə isə 3 min manatdan 5 min manatadək cərimə tətbiq ediləcək.

Modern.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, dövlət xidmətlərinin göstərilməsi zamanı bir sıra tələblərin pozulmasına görə vəzifəli şəxslər barəsində inzibati məsuliyyət müəyyən edilir.

Belə ki, dövlət xidmətlərinin göstərildiyi informasiya sistemlərində aparılan təkmilləşdirmə işləri barədə istifadəçilərin elektron qaydada məlumatlandırılmamasına görə 250-350 manat, xidmətlərin göstərilməsi qaydaları barədə məlumat verilməməsinə görə 350-450 manat cərimə nəzərdə tutulur.

Elektron xidmətlər üzrə dövlət rüsumlarının və xidmət haqlarının elektron formada ödənilməsi imkanının təmin edilməməsinə görə 450-550 manat, istifadəçilərin müraciəti əsasında qanunla müəyyən edilmiş sənədlərin təqdim olunmamasına və ya zəruri informasiyanın verilməməsinə görə 550-650 manat cərimə tətbiq ediləcək.

Bundan başqa, dövlət xidmətindən imtinanın və ya onun dayandırılmasının hüquqi əsasları, eləcə də şikayət etmək hüququ barədə məlumat verilməməsinə görə 650-750 manat, əlilliyi olan şəxslərin xidmətlərdən istifadəsi üçün şərait yaradılmamasına görə 750-850 manat cərimə müəyyənləşdirilir.

Dövlət xidmətinin müvafiq elektron reyestrə daxil edilmədən göstərilməsinə görə 850-950 manat, xidmətlərin qanunvericiliyin tələblərinə uyğun göstərilməməsinə və ya nəticəsi barədə istifadəçilərin məlumatlandırılmamasına görə isə 950-1050 manat cərimə nəzərdə tutulur.

Layihədə korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı inzibati məsuliyyətin sərtləşdirilməsi də təklif olunur. Belə ki, həmin şəxslərə məlumat verdiklərinə görə qisas almaq məqsədilə intizam tənbehi tətbiq edilməsi, əmək müqaviləsinə xitam verilməsi, vəzifədən azad olunması, başqa işə keçirilməsi, əməkhaqqından qanunsuz tutulmalar aparılması, eləcə də onların vəzifədə irəli çəkilməsinə və həvəsləndirilməsinə maneçilik törədilməsinə görə 3 min manatdan 5 min manatadək cərimə müəyyən ediləcək.

Məhkəmə ekspertizası fəaliyyəti ilə bağlı da yeni inzibati məsuliyyət tədbirləri nəzərdə tutulur. Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edilməyən şəxsin bu fəaliyyətlə məşğul olmasına görə fiziki şəxslər 2 min manat, vəzifəli şəxslər 3 min manat məbləğində cərimə ediləcəklər.

Məhkəmə ekspertinə təsir göstərilməsi və ya ekspertizanın aparılmasına mane olunmasına görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 900 manat cərimə ediləcəklər. Ekspertiza üçün zəruri etalon nümunələrinin və texniki məlumatların təqdim edilməməsinə görə də cərimələr müəyyənləşdirilir.

Eyni zamanda, pulsuz hüquqi yardım göstərən şəxslərin bu yardımı əsassız olaraq göstərməkdən imtina etməsinə görə fiziki şəxslər 100-200 manat, vəzifəli şəxslər 200-300 manat, hüquqi şəxslər isə 300-400 manat məbləğində cərimə ediləcəklər. “Pro bono” hüquq xidmətləri göstərən şəxslər bu məsuliyyətdən istisna edilir.

Qanun layihəsi ilə ətraf mühitin istehsalat monitorinqinin nəticələri barədə illik hesabatın vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər üçün 3 min manat, hüquqi şəxslər üçün 8 min manat cərimə nəzərdə tutulur. Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin rəsmi internet resursunda yerləşdirilməsi üçün aidiyyəti quruma təqdim edilməməsinə görə isə vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər 4 min manat cərimə ediləcəklər.

Bununla yanaşı, telekommunikasiya operatoru və ya provayderi tərəfindən xidmətlərin müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat cərimə ediləcəklər. Eyni xətanın inzibati tənbeh qərarı qüvvəyə mindikdən sonra bir il ərzində təkrar törədilməsinə görə cərimələr müvafiq olaraq 1000 və 2000 manat olacaq.

Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər isə enerji təchizatı sahəsində bəzi cinayət tərkiblərinin terminologiyasının dəqiqləşdirilməsini, habelə məhkəmə aktı ilə müəyyən edilmiş öhdəliklərin hüquqi şəxs tərəfindən icra edilməməsinə görə cinayət-hüquqi tədbirlərin tətbiqi ilə bağlı müddəaların əlavə olunmasını nəzərdə tutur.

Qanun layihəsi səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Bakını "vuranlara" Fələstin şapalağı - Ərdoğan nə edəcək?