Sumqayıt-Xırdalan-Bakı dəmir yolu xəttinin bərpası istiqamətində işlər davam etdirilir. Tikinti işləri başa çatdıqdan sonra xəttin yenidən sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yollarının (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev saytımıza açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda Xırdalan-Biləcəri sahəsində dəmir yolu keçidinin tikintisi davam edir.
Bundan əvvəl isə Dövlət Proqramı çərçivəsində Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Xırdalanda dəmir yolu xəttinin ətrafında avtomobil yolu inşa edilib.
B.Hacıyev qeyd edib ki, avtomobil yolunun tikintisi başa çatsa da, Xırdalan-Biləcəri sahəsində dəmir yolu keçidinin tikintisi hələ davam edir. Bu işlər yekunlaşdıqdan sonra Sumqayıt-Xırdalan xəttinin bərpası nəzərdə tutulur.
ADY rəsmisi vurğulayıb ki, hazırda Bakı-Xırdalan qatarı fəaliyyət göstərir, Sumqayıt sakinləri də Sumqayıt-Pirşağı-Bakı dəmir yolu xəttindən istifadə edə bilirlər.
O, eyni zamanda, Sumqayıta qatar xidmətinin tamamilə dayandırılması ilə bağlı yanlış təsəvvür yaranmamasını xahiş edib. Bildirib ki, Sumqayıtın iki dəmir yolu istiqaməti var və onlardan biri – Sumqayıt-Xırdalan xətti tikinti işlərinin təhlükəsizlik və qatarların hərəkət qrafikinə təsiri səbəbindən müvəqqəti dayandırılıb.
B.Hacıyevin sözlərinə görə, tikinti işləri yekunlaşmaq üzrədir, hazırda son tamamlama işləri aparılır. Bu işlər başa çatdıqdan sonra xətt yenidən sərnişinlərin istifadəsinə veriləcək.
Nicat Rüstəm