UEFA Çempionlar Liqasının üçüncü turunun növbəti oyunları keçirilib. Modern.az xəbər verir ki, İngiltərənin “Tottenhem” klubu səfərdə Niderlandın PSV klubunun qonağı olub. Oyunda hesabı meydan sahibləri açıb. İngilisləri əks hücumda yaxalayan Hirving Lozano adını tabloya yazdırıb - 1:0. Birinci hissənin başa çatmasına beş dəqiqə qalmış “Tottenhem” klubu hesabı bərabərləşdirib. Belə ki, Kristian Eriksen, Kiran Tripyer və Lukas Maura kombinasiyasını sonuncu dəqiq zərbə ilə tamamlayıb - 1:1. Birinci hissə bu hesabla başa çatıb.
Qarşılaşmanın ikinci hissəsinin 55-ci dəqiqəsində ingilislərin əsas qol silahı sayılan Hari Keyn Kristian Eriksenin cinah ötürməsini dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:2. Matçın 79-dəqiqəsində londonluların qapıçısı Higo Loris kobud oyununa görə hakim tərəfindən qırmızı vərəqə alaraq meydandan qovulub. Qarşılaşmanın 87-ci dəqiqəsində PSV klubu yenidən hesabı bərabərləşdirib. Luk de Yonq oyunda son nöqtəni qoyub.
Digər oyun Belçikada keçirilib. “Brügge” doğma meydanda “Monako” (Fransa) klubunu qəbul edib. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.