Bir müddət öncə Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin (AP) fransalı vitse-prezidenti Silvi Qiyomun mart ayının 6-da özünü qondarma “Dağlıq Qarabağ Respublikasının spikeri” adlandıran Aşot Qulyanla görüşməsi ilə bağlı AP-nin Sədri Antonio Tayaniyə etiraz məktubu ünvanlamışdı. Milli Məclisin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Avropa Parlamentinin sədri Antonio Tayani Milli Məclisinin sədri cənab Oqtay Əsədova cavab məktubu ünvanlayıb.
Məktubda keçirilən görüşün xanım Qiyomun fərdi mandatı çərçivəsində baş tutduğu ifadə edilib, fransalı deputatın bu görüşü AP-nin vitse-prezidenti kimi deyil, müstəqil bir deputat olaraq, şəxsi formatda keçirdiyi və bunun AP-nin rəsmi fəaliyyətinə heç bir aidiyyatının olmadığı vurğulanıb. Cavab məktubunda bildirilir ki, “... xanım Qiyom bu görüşü parlamentin sıravi bir üzvü kimi, fərdi zəmində keçirmiş və həmin görüşlə bağlı Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyinə zidd olan hər hansı bir açıqlama ilə çıxış etməmişdir”.
Avropa Parlamenti Sədrinin məktubu separatçı rejim nümayəndələrinin şəxsi zəmində keçirdikləri qeyri-rəsmi görüşü az qala qondarma rejimin AP-də rəsmi səviyyələrdə qəbul edilməsi kimi təqdim etmək cəhdlərini bir daha ifşa edir. Beləliklə, saxta “spiker”in mətbuatda yayımladığı saxta məlumatlar Avropa Parlamentinin sədri səviyyəsində rəsmən təkzib olundu.
Avropa Parlamentinin sədri öz məktubunda, həmçinin, Azərbaycan xalqına Novruz Bayramı münasibəti ilə təbriklərini çatdırıb və Novruz bayramı ərəfəsində Azərbaycan Respublikası prezidenti tərəfindən 400 nəfərin azadlığa çıxması haqqında əfv fərmanı imzalanmasını alqışladığını qeyd edib.