Slovakiyada prezident seçkilərinin ikinci turu keçirilir.
Bu gün səhər saat 07:00-dan etibarən ölkə üzrə bütün seçki məntəqələri səsvermə hüququna malik 4,45 milyon seçici üçün açılıb. Səsvermə prosesi axşam saat 22:00-dək davam edəcək.
Vətəndaşlar birinci turda ən çox səs toplayan iki namizəddən birini – 45 yaşlı vəkil Zuzan Çaputovu, yaxud da Avropa Komissiyasının 52 yaşlı sədr müavini Maroş Şefçoviçi Slovakiyanın 5-ci prezidenti seçəcəklər.
Qeyd edək ki, 16 martda keçirilən birinci turda Slovakiyanın 5-ci prezidenti seçilmək uğrunda 13 namizəd mübarizə aparıb. Slovakiyanın hazırkı prezidenti Andrey Kiska ikinci dəfə seçilmək üçün namizədliyini irəli sürməyib.
Azvision.az xatırladır ki, Slovakiyada prezident 5 il müddətinə seçilir. Onun səlahiyyət dairəsi bir qədər məhdud olsa da, tam simvolik də deyil. Slovakiyada prezident baş nazir postuna və eləcə də, Konstitusiya Məhkəməsinin hakimləri postuna namizədlər irəli sürmək, əksər səs çoxluğu ilə qəbul edilən qanunlar istisna olmaqla digər bütün qanunlara veto qoymaq və başqa səlahiyyətlərə malikdir.