“İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsindən bir il ötür.
Son bir ildə Prezident İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının bütün vətəndaşları kimi Füzuli rayon sakinləri tərəfindən də çox böyük minnətdarlıq hissi ilə qarşılanıb”.
Bunu Füzuli rayon İcra Hakimiyyəti İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsinin 1 illiyi ilə bağlı bildirib.
Qeyd edilib ki, imzalanmış hər bir sərəncam və fərman minlərlə füzulili məcburi köçkün ailəsinin sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynayıb. Belə ki, son bir il ərzində Bakı şəhərində, o cümlədən respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşan 422 ailə olmaqla 2365 füzulili məcburi köçkün mənzillərlə təmin edilib, işğal dövrü yandırılmış və dağıdılmış onlarla mənzil əsaslı bərpa olunub. Bir il ərzində rayonun 100 min nəfərdən artıq əhalisinə yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən 50066605 min manat vahid aylıq müavinət ödənilib, dövlət ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olunmuş füzulili məcburi köçkün uşaqlarının 3064000 manat təhsil haqqı dövlət tərəfindən qarşılanıb, 34897 min məcburi köçkünün pulsuz tibbi müayinəsi təşkil edilib, ASAN XİDMƏT qatarları tərəfindən 2203 nəfər məcburi köçkünə müxtəlif istiqamətlər üzrə xidmətlər göstərilib.
Ötən bir il ərzində Füzuli rayonundan olan 10638 nəfər kənd təsərrüfatı məhsullarının istehsalçılarına yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 3067900,49 manat subsidiya ödənilib, rayonun aztəminatlı ailələrindən olan 134 ailə özünüməşğulluq proqramına cəlb olunub, “DOST İŞ Mərkəzi” MMC və Məşğulluq Mərkəzi vasitəsilə 430 nəfər haqqı ödənilən ictimai işlərə, 2000 min nəfərdən artıq rayon sakini isə mövsümü işlər olan pambıq, taxıl, şəkər çuğunduru becərilməsinə və ipəkqurdu saxlanılmasına cəlb olunaraq məşğulluqları təmin olunub.
Son bir ildə ərazidə yaşayan füzulili məcburi köçkünlərin elektrik enerjisindən istifadəyə görə əvvəlki illərdən yığılıb qalan 954024 manat borcu silinib.
Dövlət başçısının şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı Fərmanı son bir ildə Füzuli rayonundan olan 370 şəhidin 430 vərəsəsinə şamil olunub, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə 1000-ə yaxın füzulili məcburi köçkünün kreditlə bağlı narahatçılığına son qoyulub.
Prezident İlham Əliyevin təkcə fevral ayında imzaladığı 8 Sərəncam, 4 Fərman minlərlə füzulili məcburi köçkünün sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, müharibə veteranlarının, şəhid ailələrinin, pensiyaçıların, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edib.
“Əlbəttə, yuxarıda göstərilənlər Prezident İlham Əliyevin son bir ildə Füzuli rayonuna, füzulililərə göstərdiyi diqqət və qayğısının kiçik bir hissəsidir. Cənab İlham Əliyev prezidentiliyinin istər son biri ili, istərsə də 16 ili ərzində daim Füzuli rayonuna diqqət və qayğı ilə yanaşıb, on minlərlə füzulili məcburi köçkünün sosial problemlərinin həllinə köməklik göstərib. Son 16 ildə rayonun işğaldan azad olunmuş yaşayış məntəqələrində geniş bərpa-tikinti və abadlıq-quruculuq işləri aparılıb, müxtəlif şəhər və rayonlarda məskunlaşan füzulili məcburi köçkün ailələri üçün 17 yeni qəsəbə salınıb, təhsil, səhiyyə, idman, mədəniyyət və digər sosial yönümlü obyektlər tikilib, yollar, qaz, elektrik, içməli su xətləri çəkilib, digər mühüm infrastruktur layihələri yerinə yetirilib, bütövlükdə rayonun sosial-iqtisadi həyatında əsaslı dönüş yaranıb, Horadizə şəhər statusu verilib”,- İcra Hakimiyyəti bildirib.
Qeyd edilib ki, ötən bir ildə Heydər Əliyev Fondu tərəfindən də Füzuli rayonunda bir sıra layihələr həyata keçirilib. Arayatılı kənddində ən müsair standartlara uyğun körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondu tərəfindən inşa edilir. Ümumiyyətlə, son altı ildə isə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda 6 böyük layihə həyata keçirilib.
“Respublikamızın bütün vətəndaşları kimi füzulililər də Prezident İlham Əliyevə inanır və onu dəstəkləyirlər. Cəbhə bölgəsində-düşmənlə bir addımlıqda yaşayan füzulili məcburi köçkünlər Ali Baş Komandana güvənərək, onun yaratdığı şərait nəticəsində xoşbəxt yaşayır, işləyir və həyat şəraitlərini daha da yaxşılaşdırırlar.
Füzulililər əmindirlər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün daxili və xarici siyasətin ali məqsədi - ana xətti Azərbaycanın, o cümlədən rayonumuzun daha gözəl, daha qüdrətli, insanlarımızın isə daha xoşbəxt və firavan yaşamasına xidmət edir”,- İcra Hakimiyyəti bəyan edib.