“İctimai-siyasi proseslərdə iştirak etsəm də, hazırda heç bir siyasi partiyada təmsil olunmuram. Heç bundan sonra da hansısa siyasi partiyada təmsil olunmaq fikrim yoxdur”.
Bunu Modern.az-a açıqlamasında “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas Müsavat Partiyasına üzv qəbul olunacağı barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Baş redaktor bildirib ki, sonuncu təmsil olunduğu partiya Azad Demokratlar Partiyası olub.
“Oradan da kənarlaşmışam. Siyasətlə məşğul deyiləm, mətbuatla məşğulam. Mətbuatdan kənar pedaqoji fəaliyyətlə məşğul oluram. Pedaqoji Universitetdə dərs keçirəm Hazırda Qarabağ Azadlıq Təşkilatında təmsil olunuram. Bir qarabağlı, ziyalı kimi QAT-ın təbdirlərində iştirak edirəm”.
Tapdıq Abbas haqqında yayılan xəbərlərin şaiyə olduğunu da söyləyib.
“Müsavat Partiyasından 2010-cu ildən uzaqlaşmışam. Həmin il Milli Mətbuat Günündə mərhum Heydər Əliyevin məzarını ziyarət etdiyimizə görə, müəyyən qruplar söz-söhbət çıxardılar. Elə həmin il parlament seçkilərinə getmək üçün ərizə verdiyim üçün Müsavatdan çıxdım və bir daha adıçəkilən partiyaya qayıtmadım. Haqqımda gəzən söhbətlər şaiyə xarakteri daşıyır”.