“Azərbaycanda özümü çox rahat hiss etdim. İnsanlar mehriban və istiqanlıdır. Maraqlandığın hər bir şey barədə detallı və səbirlə məlumat verirlər, qayğına qalırlar. Burda pozitiv enerji aldım”.
Modern.az xəbər verir ki, bu sözləri Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə keçirilən Bio-Riyaziyyat Yaz Məktəbinin Yekun Forumundan sonra Almaniyanın Mübahisələrin həlli Mərkəzinin professoru Florian Rupp əməkdaşımızla söhbətində deyib.
Yaz Məktəbində mühazirələrlə çıxış edən F.Rupp ölkəmizə dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirib:
“Bu Yaz Məktəbinə müəllim olaraq dəvət edilmək mənim üçün böyük şərəfdir, dəvət alan kimi məmunniyyətlə razılaşdım. Biz riyazi formada biologiyanın bir çox problemlərini həyata və cəmiyyətə necə təsir edəcəyini müzakirə etdik. Xüsusən də düşünürəm ki, yay məktəbləri tələbələr üçün böyük imkan yaradacaq. Özüm də tələbə vaxtında bu cür yay məktəbləri və tədbirlərin olmasını istəyərdim”