Modern.az saytının təqdim etdiyi “Diqqət məşq gedir” rubrikasının budəfəki ünvanı da keçən həftə olduğu kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrıdır. Teatrın baş rejissoru, Azərbaycan və Kalmıkıya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi “Varislər” tamaşasının məşq prosesindən isti-isti görüntülər, hazırlıq və səhnəarxası təəssüratları sizlərə təqdim edirik..
Hamı yığılır məşq başlanır.
Bəhram Osmanov: “Mətni oxuyurlar, ancaq süjeti qovmaq lazımdır. Sözlərə lazım olmayan məna ahəngi verməyə ehtiyac yoxdur”.
Xalq artisti Qurban İsmayılov: “Onda niyə Manafı sanki istintaq edirəm? Siz isə deyirsiz ki, məna qatmayaq...”.
Manaf Dadaşov: “Mən də başa düşmürəm”..
Bəhram Osmanov yalnız ona xas, xırıltılı səsilə cavab verir: “Kəlimulla (Qurban İsmayılov) öyrənir. İstintaq aparmaq fikri yoxdur. Burqanın uşaqlarının zəif yerini axtarıb, tapmaq istəyir ki, həmlə etsin. Buna görə də köhnə araq yoldaşı Bəybulatı (Manafı) içirdərək ondan problem öyrənmək istəyir. İnsan birdən-birə əşyaya çevrilə bilməz. Bəybulat isə məqsədini artıq aydınlaşdırıb. Güllə ilə özümü vura bilmirəmsə, içib, içib ölməliyəm. Kəlimulla da, buna sevinir ki, bir övladdan canı qurtaracaq. Qaldı o biri övladlar. O, bu evin həmişəlik sakininə çevrilə bilər. Bəlkə də ürəklə deyir ki, məsləhət-zad lazım olsa -Burqanın uşaqları utanmadan ona müraciət edə bilərlər. Axı o ağsaqqaldır. Faciə burasındadır ki, qardaşlar az keçməmiş ondan məsləhət alırlar”.
Elnur Kərimov: “Mənim Kəlimulladan xoşum gəlməsə də, onu evdən şəxsən özüm qovmuram. Onu evdən qovmağı tez-tez evdəkilərə məsləhət görürəm. Məgər mən ondan qorxuram?”
Bəhram Osmanov: “Əlbəttə ki, yox”.
Elnur Kərimov gülümsəyərək soruşur: “Bəs onda niyə özüm onu evdən qovmuram?”.
Bəhram Osmanov gözündəki eynəyini çıxardıb cavab verir: “Hüzrə gələn düşmən də olsa qovmurlar”.
Elnur Kərimov: “Hm.. Axı mərasim bitir..”
Şəfəq Əliyeva Elnur Kərimova sakit bir səslə söyləyir: “Mərasim bitsə də, get-gəl var axı”.
Nübar Novruzova başını yelləyərək söhbətə qoşulur: “Düz deyir də, mən də onunla birlikdə hüzrdə olmuşam. Mən də Qurbanı yox e, Kəlimullanı hər yerdə axtarıb nəhayət Burqangildə tapmışam”.
Elnur Kərimov istehza ilə gülümsünür: “Nübar xanım, axtarmaqla deyil ki... “Siz onu axtarırsız? O da öz arvadı olan sizə dəli deyir”.
Nübar Novruzova: “Mən ondan əl çəkmirəm. Yaşım çox da olsa, onu qısqanıram..”.
Simuzər Ağakişiyeva səhnədə oturduğu arxa stuldan qalxaraq qabağa gəlib deyir: “Axı siz deyirsiniz ki, əzab-əziyyətlə tikmişəm və bir övladımı itirdikdən sonra doğa bilməmişəm və bütün istəyimi ərimə bağlamışam”.
Şəfəq Əliyeva: “Hə, indi onun-bunun qapısında içib gicləsin”.
Bəhram Osmanov: “Simuzər - yəni Zeynəb, qurduğu evdə bir xoş gün üzü görməyib”.
Qurban İsmayılov: “Birdəfəlik qəbul edin ki, Kəlimilla nadandır da”.
Elşən Çarxanlı: “Qorxuyla yaşanılan ömürdə heç bir məna olmur”.
Xalq artisti Qurban İsmayılov əlini saçına çəkib deyir: “Əlbəttə. Amma mən istəyirəm ki, Kəlimulla tamaşaçılar üçün sirr olaraq qalsın”.
İlham Əsədovun səsi eşidilir: “Mən çox narahatam.
Bəhram Osmanov: “Yenə nə olub? Nədən narahatsan?”.
İlham Əsədov: “Mənimlə, Xalidə xanımın münasibətlərindən”.
Aşağıda oturub məşqi izləyən xadimə xanımlardan biri, o birinə pıçıldadı: “Belədirlər də, bu gün dalaşırlar, sabah barışırlar”..
İlham Əsədov sözünə davam etdi: “Yəni mən bədbəxt - Bəynəzərlə, Əminənin münasibətlərindən. O, Əminəni yeniyetmə məhəbbətilə sevsə də, Əminə 20 il onun atasının arvadı olub”.
Şəfəq Əliyeva: “Kişilər zəifdirlər. (Tamaşada olan və zalda oturan kişilərin baxışları onun gözlərinə dikilir) Çətin məsələlərdə, həmişə qadınları günahlandırırlar”.
Tamaşada Əminə rolunda dublyor vəzifəsinin icra edən İlqarə Tosova deyir: “Axı Əminə Burqanın evində elə də, xoş gün görməyib?”
Bəhram Osmanov: “Bəynəzərlə, Əminəyə saf və təmiz vaxtlarını qaytarmaq üçün bu ünsiyyət lazımdır. Sizdən xahişim odur ki, bu məsələyə cismani yox, daha geniş baxasınız”.
Aktyorlar bir –bir səhnənin arxasına keçdilər və tamaşan hissə-hissə nümaiş olundu.
Rejissor köməkçisi məşqin başa çatdığını bildirdi. Oturduğum zal, artıq qaranlıqdır. Məşq bitsə də, mübahisə bitmir və hamı danışa-danışa məşq otağını tərk edir. Mən də, tələsmədən çantamı yığışdırıram.
Otaqda Bəhram Osmanov oturub məchul bir nöqtəyə baxıb nə isə düşünür. Sabahkı məşqi ya da tamaşanı... Ya da, başqa bir şeyi..
Doğrudan da tamaşanın hazırlıq prosesi çox maraqlıdır. Ümüd edirəm ki, çalışıb məşqlərdə iştirak edib, görüb -eşitdiyim ən maraqlı məqamları sizlərə çatdırım...
Leyla Əsədullayeva