“Ermənistan-Azərbaycan münaqişəsi regionun və dünyanın ən çətin həll olunan münaqişələrindən biridir. Burada işğalçı və işğala məruz qalan tərəf var, hər şey aydındır. Buna görə də bizim türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacımız var”.
Modern.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında informasiya sahəsində inteqrasiyanın gücləndirilməsi labüddür:
"2016-cı ildə Aprel döyüşləri zamanı Azərbaycanın informasiya dəstəyinə ehtiyacı var idi. Ermənilərin təxribatları, onların bölgədə həyata keçirdiyi işğalçılıq siyasəti, Azərbaycanın mədəni və dini obyektlərini dağıtmasının regionda və dünyada nümayiş etdirilməsinə ehtiyac var idi. Ona görə, Türk Şurasına üzv dövlətlər belə məqamlarda bir-birinə dəstək verməlidir".