Bu gün “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində ABŞ Konqresi üzvlərinin köməkçiləri ilə görüş keçirilib.
Modern.az xəbər verir ki, İctimai Birliyin İdarə Heyətinin sədri Tural Gəncəliyev görüşdə qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, 1 milyondan çox azərbaycanlının etnik təmizləməyə məruz qalması, bu insanların 30 ilə yaxındır qaçqın və köçkün vəziyyətində yaşaması barədə məlumat verib. O, amerikalı qonaqları slayd vasitəsilə işğal altında olan ərazilərimizdə ermənilər tərəfindən məhv edilmiş dini və mədəniyyət abidələrimizin vəziyyəti ilə tanış edib.
T.Gəncəliyev qeyd edib ki, Ermənistan qoşunlarının işğal etdiyi ərazilərdən çıxarılmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi dünyada mövcud olan ikili standartlar nəticəsində 27 ildən çoxdur ki, yerinə yetirilmir. BMT kimi ali bir qurumun qətnamələrinin icra olunmamasını və münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minski qrupuna daxil olan həmsədr ölkələrin iradə göstərməməsini böyük təəssüf hissi ilə qeyd edən icma rəhbəri bildirib ki, ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar dəfələrlə erməni təcavüzünü pisləyən bəyanatlar və qətnamələr qəbul ediblər. Əfsuslar olsun ki, həmin bəyanatların və qətnamələrin də münaqişənin həllinə müsbət təsiri olmayıb.
Görüşdə icma rəhbəri amerikalı qonaqların suallarını cavablandırıb.