Məndə sığar ikən cahan mən bu cahana sığmazam
Gövhəri laməkan mənəm, gövni məkanə sığmazam
Çətin ki, bu misraları bilməyən tapıla. Dahi Nəsiminin “Sığmazam” qəzəli 7-dən 70-ə kimi hər kəsin dilində əzbərdir. Nəsimi qəzəllərini oxuduqca kamil insan obrazı daha çox diqqət çəkir. Çünki kamil insanda bütün müsbət dəyərlər cəmləşib və bu da kainatı, bəşəriyyəti anlamağa kömək edir. Dahi Nəsiminin “Sığmazam” qəzəlində insanın kamil şəxsiyyət olması diqqətə çatdırılır. Çünki şəxsiyyətin kamil olmasında 4 amil var. Şəriət, təriqət, mərifət və həqiqət. Göründüyü kimi, bunların hamısını Nəsimi fəth edib. Yəni Nəsimi Allahla qovuşmaq səviyyəsinə qalxıb. Bəzi ədəbiyyatlarda Nəsiminin dinsiz, Allahsız olduğu iddia olunur. Halbuki onun qəzəllərini oxuduqca iddiaların əfasanə olduğu ortaya çıxır.
İmadəddin Nəsimi o tip klassiklərdəndir ki, onun yaradıcılığı müasir dövrümüzə yabançı deyil. Müasir dövrümüzlə tam olaraq səsləşir. Demək olar ki, həm folklorumuzda, həm aşıq yaradıcılığımızda, həm musiqimizdə Nəsimi yaradıcılığı ilə qarşılaşırıq.
Nəsimi irsində milli və bəşəri ideyalar necə təbliğ olunur?
Böyük filosof şair İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii- fəlsəfi şeirin özülünü qoyub. Bədii söz sənətimizi forma və məzmunca zənginləşdirmiş söz ustadıdır. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib.
Akademik Rafael Hüseynovun sözlərinə görə, anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri olub.
“Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi də dahi sənətkarın sənətinə verilən böyük qiymətin ifadəsidir. Nəsimi insan düşüncələrinə çox dərindən vaqif olub və özündən sonrakı ədəbiyyata böyük təsir göstərib. Nəsimi düşüncə modelləri yaradan mütəfəkkir idi. Ondan sonra da Azərbaycan dilində yazanlar olub, lakin onlarda Nəsiminin dili qədər melodiklik, ifadə plastikası olmayıb. Nəsimidən sonra ədəbiyyatımızın və dilimizin özünəqayıdışı başlanıb, poetik lüğətlər yaranıb. Nəsimi anadilli ədəbiyyatı zirvəyə yüksəldib. İmadəddin Nəsimi olmasaydı, hürufilik bu qədər əhatəli olmaz və geniş yayılmazdı. Orta əsrlərdə etiraz hərəkatları daha çox şəhərlərdə olurdu. Bu hərəkatlarda hürufilik bir vasitə idi. Nəsimiyə qarşı hökmdarların sərt mövqeyinin arxasında ciddi siyasi səbəblər də dayanırdı. Çünki onun arxasınca gedən insanlar vardı.
Nəsimi irsi, həmçinin təriqətlərlə bağlı insanların düşüncələrinə təsir göstərib. Məsələn, Nəsimi ənənəsi Anadoluda XX əsrin əvvəllərinə qədər davam edib.
Nəsiminin xidməti təkcə Azərbaycan türkcəsində yazması ilə bitməyib. Onun, həmçinin davamçıları yetişib ki, onlar da öz yaradıcılıqlarında Nəsimi kimi saf bir dildə yazmağa çalışıblar və bütün bunlar Azərbaycan dilinə, ədəbiyyatına öz təsirini göstərib”.
Müasir dövrümüzdə Nəsimi ideyaları
İmadəddin Nəsiminin dərin humanizm ifadə edən zəngin yaradıcılığında hürufilik mühüm yer tuturdu. Nəsimi şeirlərində dəfələrlə vurğulayırdı ki, insanı mənəvi kamilliyə çatdıran haqq yoludur, ona görə də əsl sadiq aşiqlərin ən böyük sevgisi də bu haqqa bəslənilən hüdudsuz eşqdır. “İnsan bu hüsni-lütf ilə gövhər dеgilmidir?”- deyən şair insanı ali varlığın bir zərrəsi sayır, onun qüdrət və əzəmətinə böyük inam və ehtiram bəsləyirdi. Şairin fikrincə, kamil insan elə bir mənəvi zənginliyə malikdir ki, onda hər iki cahan - maddi və mənəvi aləm sığışa bilər.
Nəsimi yaradıcılığının əsas üstünlüklərindən biri şeirlərinin Azərbaycan dilində yazılması idi. Üstündən əsrlər keçsə də, bu gün Nəsimi yaradıcılığını asanlıqla oxumaq olur və bunu müasir dövrümüzlə uzlaşdıra bilirik.
Nəsimi şəxsiyyət azadlığına da xüsusi önəm verib. Obrazlı şəkildə “müqəddəs bülbül” adlandırdığı insanın qəflətdə qalıb qəfəsə giriftar olmasını məqbul saymır, onu buxovlardan çıxmağa, azadlığa, sərbəstlik məkanı kimi yeni gülüstana səsləyirdi:
Ey bülbülü-qüdsi, nə giriftari-qəfəssən,
Sındır qəfəsi, tazə gülüstan tələb eylə.
Nəsimi insanların qəlbini, onların iç dünyasını ilahi ustalıqla özünəməxsus zəngin söz yaradıçılığı ilə tərənnüm edib. Şeirlərini təhlil edərkən onun bütün yaradıcılığı boyu gələcək nəsillərə verdiyi töhfələr göz önündə dayanır. Nəsiminin insanlıq, kamil şəxsiyyət haqqında təsəvvürləri olduqca yüksəkdir. “Bulunmaz” rədifli qəzəlində kişilik, igidlik, xalqa əməllə xidmət etmək kimi ideyaları aşılayır:
Hər bihünər insafı yox, uş mənsəbi tutdu,
Sahib hünərə mənsəbü idrar bulunmaz,
Xəlqin əməli azdı, könül yıxıcı ögüş,
Bir xəstə könül yapıcı memar bulunmaz.
Nəsimi belə hesab edirdi ki, nəfsi öldürmək kamil insana məxsus ən böyük bir mənəvi qəhrəmanlıqdır. “Nəfsə qalib gəlmək Xeybər qalasını almaqdan çətindir.” Nəfs düşgünü olan insan adi bir heyvandan seçilmir. Eşq yolunu tutan isə ruhuna qida verən, öz könlündə ilahi nuru gəzdirən, öz idealını arayıb axtaran insandır. İkilik pərdəsini aradan qaldıran insan gizli sirləri duya bilər, gizli sirləri duymaq isə haqqa qovuşmaqdır.
Nəsimi yaradıcılığının böyük tərbiyəvi və maarifçi əhəmiyyəti vardır. Bu gün gənc nəslin əxlaq tərbiyəsində Nəsimi yaradıcılığı kamil insan düsturunu öz misralarında oxucuya aşılayır.
Bir çox mövzular var ki, onlar ölməzdir. Məsələn, insana, təbiətə, Allaha olan sevgi, mənəvi dəyərlər və sairə. Bunlar ölümsüzdür. Eləcə də bunların hər biri Nəsimi yaradıcılığında var. Nəsimi bunların hamısını əsərlərində tərənnüm edib. Nəsimi deyirdi ki, insan nəfsinə qalib gəlməli, nəfsinin əsiri olmamalıdır. Bir çox mənəvi-əxlaqi dəyərlər Nəsimi yaradıcılığında təbliğ olunurdu. O mövzular bu gün də aktualdır. İnsanın nəfsinə qalib gəlməsi, hardan gəlib hara getdiyini anlaması, özünü, mənəvi gücünü dərk etməsi Nəsimi yaradıcılığında qırmızı xətt kimi keçir.
Sovet dövründə Heydər Əliyevin Nəsimi sevgisi
70 illik Sovet hakimiyyəti dövründə xalqın tarix, ədəbiyyat qəhrəmanları unudulmağa çalışılmışdı. Çünki əski dövrün şəxsiyyətləri hər zaman prinsipial mövqe nümayiş etdiriblər. Məhz bu cür şəxsiyyətlər həmişə xalqın yaddaşından silinməyə məruz qalıb. Təbii ki, bu şəxsiyyətlər arasında İmaməddin Nəsimi də olub.
Hələ Sovet dövründə, 1973-cü ildə Azərbaycan mütəfəkkir şair İmadəddin Nəsiminin 600 illik yubileyini dünya miqyasında keçirmək niyyətindəydi (o vaxt nə idisə, əksər bu qəbil yuvarlaq ildönümləri bir neçə il gecikdirilərək bayram edilirdi. Halbuki, Nəsiminin 600 yaşı artıq 1969-da tamam olmuşdu. Ancaq nədənsə yubiley-filan yada düşməmişdi). Həmin il Azərbaycana rəhbərliyə gələn Heydər Əliyev digər məsələlər kimi, dərhal bu məsələnin də üzərində işləmişdi. Nəsiminin yubileyini Azərbaycanın dünyada və Sovet İttifaqında güclü təbliğinə çevriləcək mühüm siyasi-mədəni hadisəyə döndərmək üçün addımlar atmağa başlamışdı.
Onu da qeyd edim ki, 1973-cü ildə Nəsiminin 4 günlük yubileyi keçiriləndə YUNESKO tərəfindən təşəbbüskar mərhum ümumilli lider Heydər Əliyev olub. SSRİ zamanında bunu etmək çox çətin idi. Azərbaycan müstəqil dövlət deyildi ki, sərbəst formada YUNESKO-ya çıxa bilsin. O zaman Nəsimiyə heykəl qoyuldu. Tale elə gətirdi ki, Hələbdə Nəsiminin adına küçə verildi. Bu işləri SSRİ zamanında ancaq dahi Heydər Əliyev edə bilərdi.
Nəsimi məsələsi hər zaman prezident İlham Əliyevin diqqətində olub
Nəsimi irsinə daha bir sevgini prezident İlham Əliyev ortaya qoydu və 2019-cu ili “Nəsimi ili” elan etdi.
Nəsimi irsinin qorunması və təbliğinə dövlət səviyyəsində çox böyük diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli Sərəncamı görkəmli şairin Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus rola malik olduğunu bir daha təsdiq edir.
2008-2015-ci illərdə Azərbaycanın Suriya və Livandakı səfir postunu tutan Mahir Əliyev prezident İlham Əliyevin dahi Nəsimi barədə fikirlərindən danışıb.(Hazırda Suriyada səfirliyimiz yoxdur) O, bildirib ki, Suriyaya səfir təyin olunarkən cənab prezidentin xüsusi göstərişi olub.
“Bildiyiniz kimi, Nəsiminin qəbri Hələb şəhərindədir. Suriyaya səfir təyin olunduğum vaxt cənab prezident İlham Əliyevlə söhbət edərkən ilk başladığı cümlə belə oldu: “Suriyada hər şeydən öncə dahi Nəsiminin qəbri var. Bunu sənə prezident kimi yox, Azərbaycan vətəndaşı kimi deyirəm. Çox arzu edərdim ki, Nəsiminin qəbri Azərbaycana gətirilsin. Birinci tapşırığım ondan ibarətdir ki, Nəsiminin qəbri ilə məşğul ol. Maraqlan, gör biz nə edə, hansı işləri görə bilərik”. Bu, çox ciddi tapşırıq idi. Prezident İlham Əliyevin söhbətə Nəsimi barədə başlaması böyük diqqət idi. Bu o deməkdir ki, səfirlik açılmazdan öncə də Nəsimi məsələsi cənab prezidentin nəzərində olub”.
Mahir Əliyevin sözlərinə görə, həmin illərdə Nəsimi yaradıcılığı ilə bağlı həm Azərbaycanda, həm də Suriyada bir neçə konfrans keçirilib.
“Nəsimi yaradıcılığı ilə bağlı birinci konfrans Suriyada baş tutmuşdu. Ardınca ikinci konfransı Azərbaycanda keçirtdik. Eyni formada Suriyadan rəsmi şəxslər, Suriya müftisi Azərbaycana gəldi. Konfrans Azərbaycanda keçiriləndə mən qatıla bilməmişdim. Mənə dedilər ki, müfti konfransda çox maraqlı çıxış edib. Müftinin dediyi o söz hələ də yadımdadır: “Nəsimi Suriya ərazisində öldürüldüyünə görə 500 ildən sonra Azərbaycan xalqından üzr istəyirəm. Nəsimini suriyalılar öldürməyib. Heç istəməzdim ki, Nəsiminin ölümündə suriyalılar günahkar hesab edilsin. Çünki suriyalılar günahkar olsaydı, 500 il ərzində onun qəbrini qoruyub saxlamazdılar. Nəsimini onun paxıllığını çəkənlər öldürüb”.
Nəsimi nəslinin davamçıları
Hamımıza bəllidir ki, Nəsiminin qəbri Suriyadadır. 2011-ci ildə “ərəb baharı”nın başlanması ilə Nəsiminin Hələbdəki məzarını ziyarət etməyimiz də qeyri-mümkün olub. Demək olar ki, bu illər ərzində Nəsiminin qəbrinin İŞİD terrorçuları tərəfindən dağıdılıb-dağıdılmaması barədə heç bir məlumatımız yox idi. Lakin 2018-ci ilin sonlarında Azərbaycanda “Nəsimi festivalı” keçirildi. Festivalın keçirilməsi böyük hadisə idi. Nəsiminin nəslinin davamçılarından da kimlərinsə iştirak etməsi böyük əhəmiyyət kəsb edirdi. Həmin festival zamanı Nəsiminin qohumları Bakıya gəlmişdilər. Bu səfər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdi.
2019-cu ilin “Nəsimi ili” elan edilməsindən sonra İmaddədin Nəsiminin Hələb şəhərində yaşayan qohumu Bəşşar Nəsimi bin Əhməd Cövdət Nəsimi ilə telefon əlaqəsi yaratmaq mümkün oldu. Bəşşar Nəsiminin sözlərinə görə, qəbir tam dağılmasa da, terrorçular tərəfindən pis hala salınıb.
Suriyadakı ilk səfirimiz olan Mahir Əliyev Nəsiminin qohumları məsələsinə də aydınlıq gətirib.
“Təbii ki, “Nəsiminin qohumları” dediyiniz müasir insanların qanında Nəsimiyə aid nəsə qalmayıb. Ancaq onun dahiliyini dərk edirlər. Ona görə də məqbərəni daha yaxşı mühafizə edirlər. Hətta, suriyalılar da Nəsiminin sufi şair olduğunu bilir. Demək olar ki, Nəsimi yaradıcılığına yaxından bələddirlər. Çünki Nəsimi yaradıcılığı müasir dövrümüz üçün də aktualdır”
Namidə BİNGÖL
Yazı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim edilir