“Azərbaycan və Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına uyğun olaraq ən yüksək səviyyədədir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf etməkdədir”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.
O hesab edir ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin yüksələn xətlə inkişafı ölkələrimiz arasında viza sahəsindəki əməkdaşlıqda yeni səhifənin açılmasına, hər iki ölkə vətəndaşlarının sərbəst gediş-gəlişinin təmin edilməsinin asanlaşdırılmasına şərait yaradacaq:
“Belə ki, 1 sentyabr 2019-u il tarixindən etibarən Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə vətəndaşları üçün viza tələbi ləğv edilib”.
D. Cəbrayılova qeyd edib ki, Azərbaycanın turizm potensialı artdıqca ölkəmizə səfər edən xarici ölkə vətəndaşlarının sayı da artır:
“Hesab edirəm ki, viza rejiminin ləğvi Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayının artmasına müsbət təsir edəcək. Eyni zamanda, qardaş ölkənin vətəndaşlarının ölkəmizə rahat gəliş-gedişi turizmin inkişafına da əhəmiyyətli dərəcədə təsir göstərəcək. Digər tərəfdən, onların tez-tez və kütləvi halda gəlməsi üçün şərait yaradacaq. Hesab edirəm ki, cənab Prezidentin sərəncamı qarşılıqlı əlaqələrin daha da inkişafına, iki dövlət arasında münasibətlərin möhkəmlənməsinə təkandır”.