Ucar rayonunun Çiyli kəndində yaşayan sakinlər təşvişə düşüb. Səbəb kimi kənddə “naməlum varlıqlar”, “qulyabanı”nın peyda olması göstərilir.
Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, bəzi telekanallar artıq öz çəkiliş qruplarını “qulyabanı ovu” barədə reportaj hazırlamaq üçün kəndə ezam edib.
Məlumata görə, kənd sakinləri əllərində dəyənək kolların arasından “qulyabanı” axtarır ki, bəlkə “tuta bildilər”.
Məlumata görə, iş o yerə çatıb ki, kənddə “qulyabanı”nın dolaşması haqda xəbərlərdən təşvişə düşən sakinlərdən birinin halı pisləşib. Ona təcili tibbi yardım lazım olub. Habelə kəndin kişiləri gündüz saatlarında belə çöldə-bayırda tək dolaşmaqdan çəkinir və naxıra belə getmək istəmirlər.
Modern.az saytı Ucar rayonunin Yuxarı Çiyli kənd bələdiyyəsinin sədri İqbal Xəlilovla əlaqə saxlayaraq, son durumu öyrənməyə çalışıb. İqbal Xəlilov kənddə baş verənləri gülərək şərh edib:
“Həmin ərazidə ən çox gəzən mənəm. O “qulyabanı” mənim gözümə niyə görünmür?! Niyə mənim qarşıma çıxmayıb? Məşədi İbad demişən, “Tarix nadir”i yarısına qədər oxumuşam, ancaq belə bir şeyə rast gəlməmişəm”.
Bələdiyyə sədri sakinlərin təşvişini geridəqalmışlıqla əlaqələndirib:
“Kəndin camaatı arasında hələ də köhnə düşüncədə olanlar var. Görünür, onlar XXI əsrdə belə, nağıllara inanmaq istəyirlər. Özləri-özlərini buna inandırırlar. Dünya insanları kosmosda necə yaşamaq barədə düşünür, bizim kəndin bəzi insanları da “qulyabanı” ovuna çıxıblar. Durun, siz də gəlib çəkin!.. Maraqlıdır, gəlib nəyi çəkəcəksiz?!”.