Cənubi Qafqazda etnik məsələlər mürəkkəb olduğu qədər, araşdırılması tələb olunan mövzulardandır. Əsas səbəb kimi təkcə bu məsələlərin araşdırılmasının və elmi nəticələrinin ortaya qoyulmasının mövcud və mövcud olabiləcək münaqişələrə qarşı hazırlıq mərhələsi və hətta bəlkə də həll yolu kimi göstərə bilərik. Bəhs edəcəyimiz “abxazlaşdırılmış meqrellər məsələsi” adını çəkdiyimiz səbəbin ikinci hissəsinə daha çox aid edilə bilər. Bu mövzu diqqət mərkəzində o qədər də olmamasına baxmayaraq, araşdırıldığı zaman təzadlı fikirlərin olduğunu əvvəlcədən bildirməliyik. Təzadların başlanğıcı elə adın özündən başlayır. Hazırda “abxazlaşdırılmış meqrellər” ifadəsi olduğu kimi, “meqrelləşdirilmiş abxazlar” ifadəsinə də rast gəlmək mümkündür. Məlumdur ki, Qafqazın müstəqil dövlətlərindən biri olan Gürcüstan etnik cəhətdən rəngarəngdir. Bildiyimiz kimi, Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri Sameqrelo-Zemo Svanetidir. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Meqreliya (Sameqrelo) Qara dənizin şərq sahilində yerləşir. Əhalisi meqrellərdir. Meqrellər (meqrelcə- “მარგალეფი; მარგალ” (t. Marqalepi; c. Marqal), gürcücə- “მეგრელები” (meqrelebi), abxazca- а́гырқәа adlandırılır) kartvel dil ailəsinin meqrel-zan (kolxid) dil qrupuna aid edilirlər. XX əsrin 30-cu illərinə kimi, daha dəqiq desək 1926-ci ilin siyahıyaalınmasınadək ayrı bir xalq kimi qeyd edilirdilər. Bundan sonra isə onlar gürcü xalqı kimi qeyd edilməyə başladılar. Demək olar ki, bütün meqrellər öz dillərindən başqa gürcü dilində də danışırlar. Qara dənizin şərq hissəsində yaşayan bir çox xalqlar kimi meqrellər də böyük avropoid irqinin Aralıq dənizi qrupunun, Pont tipinə aid edilirlər. Orta əsrlərdə Meqrellər İmeretiya çarlığından müstəqil şəkildə fəaliyyət göstərirdilər. Onların Meqrel knyazlığı Dadiani sülaləsinin rəhbərliyi ilə mövcud olmuşdur. 1803-cü ildə Meqrel knyazlığı Rusiya çarlığından asılı vəziyyətə düşmüşdür. 1857-ci ildən knyazlıq Rusiya tərəfindən idarə olunmağa başlamış və 1867-ci ildən ləğv edilərək, Kutaisi quberniyasının tərkibinə daxil edilmişdir. Meqrellər dini baxımdan provoslavdırlar və Gürcüstan Provoslav Kilsəsinə aiddirlər. Meqrel torpaqlarında xristianlıq ilk dəfə b.e. I əsrində meydana gəlmiş, dövlət dininə IV əsrdə çevrilmişdir. Qədim meqrellər kolx etnosuna aid olunurdular.
Hazırda işğal olunmuş Abxaziyanın Gürcüstanla olan sərhəd zonasında meqrellər məskunlaşıb. Onlar Qali və Tkvarçeli rayonlarının əhalisinin böyük bir hissəsini təşkil edirlər. Bu gün meqrellər özlərini gürcü saydıqları üçün abxazlar tərəfindən təyziqlərə məruz qalırlar və onlara potensial təhlükə mənbəyi kimi baxılır. Abxaziyada nəzərəçarpacaq dərəcədə meqrellərin sayının çox olmasına baxmayaraq onların Sameqrelodan kənarda yaşayan bu kütləsi gürcü dilində danışır, öz dillərində (meqrelcə) yox. Abxazların da onları yuxarıda qeyd etdiyimiz kimi təhlükə mənbəyi görməsində səbəblərdən biri də məhz budur. Abxazlar tərəfindən onlara qarşı yaranmış inmasızlığın bir sıra səbəblərinə bütün meqrellərin Gürcüstan vəsiqəsinin olması, işğal zonasını keçərək qohumları ilə görüşməsi, alış-veriş etməsi, təhsil alması, müalicə olunması və s. kimi amillər daxildir. Buna görə də, onların (meqrellərin) sayı siyahıyaalınmalarda gizlədilir həqiqətə uyğun olmayan statistikalarla ifadə olunur. Hətta meqrelləri abxazlaşdıran və onları bir növ yaşadıqları əraziyə görə ayıran ifadədən də istifadə olunur: “Samurzakan abxazları”. Bu ifadənin birinci hissəsindəki “Samurzakan” haqqında məlumatlara nəzər yetirək: Samurzakan Gürcüstanın şimal qərbində yerləşir. Özündə Qali rayonunu, Tkvarçeli rayonunun böyük bir hissəsini və Oçamçir rayonunun bir neçə kəndini birləşdirir. Şərqində İnquri çayı onu Sameqrelodan ayırır, şimal və qərbində isə Oxuri çayı vardır. Samurzakan knyaz Murzakan Şervaşidzeyə aid ərazilərə verilən addır. “-სა” [-sa] şəkilçisi gürcü qrammatikasında yer, məkan mənalı isimləri düzəltdiyi üçün “Samurzakano”-knyaz Şervaşidzenin nəslinə tabe olan kəndli meqrellərin yaşadığı yerdir ona görə də həm gürcü, həm də abxaz dilindən tərcümədə “Murzakanın ərazisi, yeri” mənasını verir. Bu ərazinin də müvafiq olaraq qərbində abxazca (daha dəqiq: apsua), şərqində isə meqrelcə danışılır.
Əslində tarixə nəzər salsaq bu ayrılmanın Rusiya imperiyasının süni şəkildə xalqları parçalama siyasətinə uyğun gəldiyini görərik. Məlumdur ki, hələ XIX əsrdə meqrellərlə svanların ayrılmasına cəhd edilmiş, sonradan Samurzakanlıları da abxaz adlandırmağa başlamışlar. Suxumi hakimiyyəti indi də meqrelləri inandırmağa çalışır ki, Samurzakanda, o cümlədən Qalidə yaşayan əhalinin etnik mənşəyi abxazlar olmuşdur, daha sonradan onlar gürcüləşmişlər.
Orta əsrlərdə İnquri çayı müasir dövrdəki kimi bu ərazini Sameqrelodan ayırmadığı üçün, yəni müəyyən sərhəd rolunda olmadığından həmin dövrdə əhalinin etnik mənşəyi haqqında müzakirə aparmaq çox çətindir. Bu baxımdan Samurzakanlıların etnik mədəni mənşəyinin müəyyənləşdirilməsi bu məsələnin araşdırılmasında əhəmiyyətlidir. İrma Kvaşilavanın “Abxaziya tarixşünaslığında Samurzakano haqqında miflər” adlı məqaləsində adı çəkilən məsələnin abxaz alimləri arasında həyəcan yaratdığını, bu məsələnin dərindən araşdırılmasının isə abxaz-gürcü münaqişəsinin həllində önəmli rol oynayacağını vurğulamışdır.
Məlum olduğu kimi bu ərazilər Abxaz, Suxumi və Bedi eristavlıqlarına ayrılmışdır. Sovet dövrünün abxaz tarixçisi Zurab Ançabadzenin dediyinə görə, Suxumi və Abxaz eristavlıqları sonradan bir idarəçilik vahidində birləşdiyi üçün əhalisinin çox hissəsi abxazlar olmuşdur. Müəllif həmçinin bu məskunlaşmanın Qalidzqa (abxazca: Aaldzqa) çayına qədər yayıldığını qeyd edir, adı çəkilən bu çay Samurzakandan bir neçə kilometr aralıda yerləşir. Buradan belə bir nəticə çıxarıla bilər ki, Samurzakanda abxazlar yayılmamışlar. XVII əsrdə Sameqrelo və Abxaziya knyazlığı daxilində baş verən feodal çəkişmələri zamanı Sameqrelo Samurzakan adlandırılan İnquri-Qalidzqa adlı çayarası ərazini itirmişdi. Abxaz çarlığı da özlərinə bu ərazidə etnik dayaq yaratmaq üçün abxazları yerləşdirmişdilər. Tarixçi Çaraya hələ XIX əsrdə Samurzakanda əsasən meqrel dilində danışıldığını, dağlıq və qərb hissəsinin abxazca bildiyini, lakin şərqinin abxazcanı qətiyyən anlamadığını qeyd edir. Z.Ançabadze özünün “Abxaziyanın orta ərslər tarixi” əsərində bu bölgənin abxazlaşdırılmasının yavaş irəlilədiyini qeyd etmişdir. M.Slyeznov Abxaziya tərəfindən ələ keçirən bu torpaqların vəziyyətini belə ifadə etmişdir: “Azad ruhlu vəhşi xalq nə bunu, nə də onu tanımaq istəyirdi...”. Bu təsvirin təsdiqinə Z.Tsintsinadzedə də rast gəlirik. Onun bildirdiyinə görə, abxaz knyazlarının ələ keçirdiyi digər yerlərdən fərqli olaraq bu ərazidə abxaz dili meqrel (gürcü) dilini əvəz edə bilmədi, həmçinin burada müsəlmanlıq da yayıla bilməmişdi. Müasir dövrdə Samurzakanda meqrellərin deyil, etnik abxazların yaşadığını sübut etməyə çalışan tarixçilərin də sayı az deyil. Etnoloq Teymuraz Açuqbanın fikrincə, Samurzakanın yerli əhalisinin gürcülərdən ibarət olduğunu söyləmək üçün yetəri qədər dəlil yoxdur. Digər tərəfdən etnoloq müasir Abxaziyada əcdadları abxaz olan meqrellərin yaşadığını bildirir.
Araşdırmalardan məlum olur ki, meqrellər Qali rayonunun məmurları tərəfindən onlara II sinif insan kimi yanaşılmasından şikayətçidirlər. Adı çəkilən rayonun sərhəd keçidində hər hansı bir maneə olmadığından məmurlar meqrellərin bu yoldan keçməsi üçün onlardan rüşvət alırlar. Məktəblilərə dərslərdə meqrelcə öyrədilməsinə icazə verilmir, ibtidai siniflərdən etibarən tədris rusca aparılır və apsua öyrədilir. Halbuki 1860-cı il Rusiya imperiyasının bu ərazilərə müdaxiləsi ilə sonda belə bir nəticə ortaya çıxıb ki, Türkiyəyə mühacirət edən abxazlar apsuaca indiki Abxaziyada yaşayanlardan daha yaxşı danışırlar və ikinci üçün apsua məişət dilinə çevrilib, rus dili isə birinci yerdədir. Meqrel gəncləri ali təhsillərini yalnız Suxumidə ala bilirlər. Abxazlar tərəfindən meqrellər üçün rəsmi və qeyri-rəsmi qadağalar da mövcuddur. Kənd təsərrüfatı mallarının dəyərləndirilməsi yerli kriminalların əlində cəmləşmişdir. Təqüdçülər təqaüdlərini Abxaziyanın digər ərazilərinə nisbətən daha az alırlar. Şəxsi mülkiyyətə aid olmasına baxmayaraq, torpaq sahələri “müharibə qəhrəmanları”nın ailəsinə verilir. Bundan əlavə meqrellərin yaşadıqları evin onlara məxsus olduğunu təsdiqlədən sənədi almağa imkanı yoxdur. Abxaziya daxilində yaşamalarına baxmayaraq, meqrellərin Gürcüstan sənədi olduğu üçün indiki mövcud qondarma hakimiyyət onlara yeni sənədin verilməsini lazım hesab etmir. Veriləcək sənəd sərhəd keçidlərində tanınmasa da, meqrellər İnquri keçidindən rus gömrükçüləri tərəfindən sənədləri olmadığından buraxılmır.
Abxazlaşdırılma siyasətinin başlıca səbəbləri meqrellərin rəsmi Tbilisiyə ehtimal edilə biləcək təsirini azaltmaq, Abxaziyada abxazların avtoxton olması ideyasını həyata keçirməkdir. Lakin bir məsələni də unutmaq olmaz ki, meqrellərin abxazlaşdırılması başqa bir etnik problemi ortaya çıxara bilər, meqrellər sıxışdırıldıqlarından muxtariyyətə meyillilik göstərə bilərlər.
Nəsibə Mirzəyeva
Erciyes Universiteti Sosial Elmlər İnstitutunun magistrı