Ukraynanın Daxili İşlər naziri Arsen Avakov ətrafında qalmaqal səngimək bilmir. Erməni əsilli nazirin əhali arasında etimadını itirməsi, adının daha çox korrupsiyalaşmış məmur kimi hallanması və kriminal dairələrlə yaxınlığı ilə seçilməsi Vladimir Zelenski hakimiyyətini də dilemma qarşısında qoyub. Yeni hökumət formalaşan zaman onun yenidən Daxili İşlər naziri təyin edilməsi ilə bağlı hakim “Xalqın xidmətçisi” partiyası daxilində də ciddi fikir ayrılığı var idi. Hətta parlamentdə partiyanın bəzi fəalları bəyanatla çıxış edərək Avakovun yeni hökumətdə təmsil olunmayacağını bəyan etdilər. Yeni hökumət formalaşan zaman parlament binası qarşısında etiraz aksiyaları keçirildi. Son anda Avakovun nazir vəzifəsində saxlanılması ölkənin polis strukturunda başlanılan islahatlar dönəmində önəmli olması ilə izah edilsə də, son günlər ona yaxınlığı ilə tanınan şəxslərin vəzifədən getməsi prosesin heç də yekunlaşmadığı qənaətinə gətirir.
Əslində, Avakovun yaxın keçmişinə nəzər yetirsək, onun barəsində cinayət işinin olduğunu görərik. Hələ 2012-ci ildə o, İtaliya polisi tərəfindən saxlanılmışdı. Həmin dövrdə Ukrayna Daxili İşlər Nazirliyi Xarkovun sabiq qubernatoru olan Avakovun həbsi ilə bağlı beynəlxalq order vermişdi. O vaxt Xarkovda 55 hektar torpağı qanunsuz olaraq özəlləşdirməkdə suçlanan Avakov barəsində cinayət işi bir müddət qüvvədə olsa da, onun həbsi baş tutmamışdı.
Onu da qeyd edək ki, Avakov yeni hökumətdə təmsil olunarkən onun nazir postuna müvəqqəti təyin edildiyi barədə izahatlar verilirdi. Avakova yaxınlığı ilə tanınan Ukrayna Milli Polisinin rəhbəri Sergey Knyazev artıq vəzifəsindən istefa verib. O, bu barədə qərarını dünən keçirdiyi mətbuat konfransında açıqladı. Yeri gəlmişkən, Knyazevin adı da korrupsiya qalmaqallarında hallanır. Onun keçmiş arvadı, lakin təsdiqlənməmiş məlumatlarda nikahda olduğu qeyd edilən Viktoriya Knyazeva çirkli pulların yuyulmasında ittiham edilib. Yerli mətbuatda bir neçə gün əvvəl Viktoriyanın avtomobilində 650 min avro apararkən Polşa gömrükçüləri tərəfindən saxlanıldığı barədə informasiyalar yayılıb. Bundan öncə, sentyabrın əvvəllərində isə Sergey Knyazevin üç müavini vəzifədən gedib. Onlar da Avakovun komandası hesab edilirdi. Onu da xatırladaq ki, polis rəisinin müavinlərindən biri - Vyaçeslav Abroskin antiazərbaycan siyasəti ilə tanınır, Ukraynada yaşayan azərbaycanlılara qarşı sərt mövqe nümayiş etdirirdi.
Bundan öncə, Avakovun komandasında xüsusi çəkisi olan Baş Cinayətkarlığa Qarşı Mübarizə Departamentinin rəhbəri Çexunov da vəzifəsindən istefa vermişdi.
Bir sözlə, Avakov komandasında “yarpaq tökümü” davam etməkdədir. Daxili İşlər Nazirliyinin bir çox şöbələrində kabinetlər kadrsız qalıb. Nəzərə alsaq ki, artıq payız ayı gəlib, bu, “yarpaq tökümləri”nin intensivləşəcəyi gözləniləndir. Qeyd etdiklərimiz prosesin görünən tərəfidir, görünməyən tərəflərində nələrin baş verdiyi isə yaxın zamanlarda bilinəcək.
Onu da qeyd etmək lazımdır ki, Avakovun nazir vəzifəsini tutduğu dönəmdə azərbaycanlı iş adamlarına qarşı qərəzli mövqe sərgilənməkdədir. Hətta bir neçə dəfə azərbaycanlı iş adamlarının oğurlanması, mallarının qaçırılması faktları qeydə alınıb. Azərbaycan tərəfinin rəsmi etirazlarına baxmayaraq, hələ də bəzi cinayət işləri açılmayıb.
Emil Hüseynli
AZƏRTAC