Bəzi sosial şəbəkə səhifələrində 25 sentyabr 2019-cu il tarixində Binəqədi rayonu ərazisində Bakı-Quba yolunun 7-ci kilometrliyində avtomobil yanması hadisəsinə yanğınsöndürənlərin cəlb olunmaması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Bununla əlaqədar bildiririk ki, bu gün saat 14:55-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Binəqədi rayonu ərazisində, Bakı-Quba yolunun 7-ci kilometrliyində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri saat 15:00-da (daxil olmuş zəngdən 5 dəqiqə sonra) hadisə yerinə çataraq yanğının mühərrik bölməsindən avtomobilin digər hissələrinə keçməsinin qarşısını alıb və 15:05 radələrində yanğın tam söndürülüb. Hadisə nəticəsində 1993-cü il təvəllüdlü Məmmədov Elxan İsmayıl oğluna məxsus “Mersedes” markalı 50-CK-141 dövlət qeydiyyat nişanlı minik avtomobilinin mühərrik hissəsi yanib, digər hissələr isə yanğından mühafizə olunub," - məlumatda qeyd edilib.