Sentyabrın 27-də Milli Məclisin Gənclər və İdman komitəsinin sədri, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev və Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasınn prezidenti Adil Əliyev ölkəmizdə səfərdə olan WAKO Avropa-nın prezidenti Roy Bakeri qəbul edib.
Modern.az xəbər verir ki, qonaqları salamlayan Komitə sədri, ölkəmizdə idmanın inkişafına böyük diqqət göstərildiyini deyib.
"Bu, dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkədə hər bir sahədə olduğu kimi, idmanda da böyük inkişaf var. Bu gün biz Avropa, Dünya çempionatlarında, Olimpiya və Paralimpiya oyunlarında yüksək nəticələr əldə edirik. Bölgələrimizdə regional Olimpiya mərkəzləri fəaliyyət göstərir. Bizim Olimpiya komandamız Rioda çox yaxşı nəticələr göstərərək, 18 medal qazanıb. Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan idmançıları, ümumilikdə, 29 medal əldə ediblər. Bu, bir daha göstərir ki, Azərbaycan güclü idman ölkəsidir".
O qeyd edib ki, ölkəmizdə keçirilən mühüm beynəlxalq idman yarışları Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları , XV Avropa Gənclər Yay Olimpiya Festivalı bu sahədə əməkdaşlıq siyasətinin göstəricisidir.
Ölkəmizdə bu il və gələcəkdə də mötəbər idman yarışlarının keçirilməsi nəzərdə tutulub. Azərbaycanda fiziki cəhətdən qüsurlu insanların idmana cəlb edilməsinə və cəmiyyətə inteqrasiyasına xüsusi diqqət yetirilir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən WAKO Avropa-nın prezidenti Roy Bakeri ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını söyləyib.
"Azərbaycanda idmanı və paralimpiya hərəkatını yüksək dəyərləndirir və ölkənizdə müxtəlif səviyyəli beynəlxalq yarışların keçirilməsini təqdir edirəm".
Görüşdə Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayici və digər rəsmi şəxslər də iştirak ediblər.
Görüş tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi ilə davam etdirilib.