Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 1-də Bakının Nərimanov rayonundakı Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.
Modern.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Bakı Şəhər İcra Hakimiyyətinin məlumatına görə, 7 hektarlıq parkın yenidənqurulması ilə əlaqədar ərazidə 36,400 kv.m. yaşıllıq örtüyü, 13,800 kv.m. dekorativ daş örtüyü, hər biri 1000 metr olan müxtəlif rəngli velosiped və rezin qaçış zolağı salınıb.
Bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq onlar üçün xüsusi guşələr yaradılıb, parkın 3 hissəsində idman trenajorları və uşaq əyləncə qurğuları, 2 yerdə şahmat meydançası quraşdırılıb. Ümumilikdə, parkda landşaft dizaynı üzrə mütəxəssisləri tərəfindən botanika bağı elementləri yaradılaraq, 7300 ədəd xarici və yerli mənşəli ağac və kol bitkiləri əkilib, 131 ədəd yeni işıqlandırma dirəyi quraşdırılıb, 140 ədəd yeni oturacaq və 100 ədəd zibil qutusu qoyulub. Parkın su təchizatını təmin etmək üçün 4 ədəd subartezian quyusu qazılıb, 3 yerdə yeraltı çən qoyularaq suvarma üçün nasos məntəqələri tikilib, park yeni avtomatik suvarma sistemi ilə təchiz edilib. Parkın köhnə torpaq örtüyü çıxarılaraq yeni münbit torpaq örtüyü ilə əvəz olunmuş, yeni qazon örtüyü salınıb.