Qarabağ müharibəsi veteranı, tanınmış ziyalı Vaqif Əlisoyun 65 yaşı tamam olub.
Modern.az saytının məlumata görə, Vaqif Əlisoy 1954-cü il oktyabrın 1-də Qubadlı rayonunda anadan olub, ata-baba yurdu Cəbrayıl rayonunda yaşayıb, Vətəninə, Torpağına, Millətinə, Dövlətinə sədaqətlə xidmət edib, vicdanlı vətəndaş, ləyaqətli insan kimi şərəfli ömür yolu keçib, bu gün də etiqadından, əqidəsindən dönməyib, şərəf və ləyaqət yolunu davam etdirir.
Vaqif Əlisoy ötən əsrin 70-ci illərində Azərbaycan Pedoqoji Universitetində təhsil alıb. O, gənc yaşlarından gizli tələbə hərəkatına qoşulub, gizli tələbə təşkilatının üzvü olub. Bu təşkilat Azərbaycanın tarixi, milli dəyərlərinin, müstəqillik ideallarının təbliği ilə məşğul olub. Ali təhsilini başa vurduqdan sonra Kəlbəcər və Cəbrayıl rayonlarında müəllim işləyib.
Vaqif Əlisoy 1988-ci ildən başlayaraq Qarabağ, ərazi bütövlüyü və müstəqillik uğrunda mübarizənin ön sıralarında olub. 1988-1993-cü illərdə erməni işğalçılarına qarşı döyüşlərdə fəal iştirak edib. Cəbrayıl ərazi özünümüdafiə taburunun, həmin ərazidə fəaliyyət göstərən N saylı hərbi hissənin yaradılmasında fəal iştirak edib, həmin hərbi hissələrin rəhbərliyində olub. Cəbrayıl “Ziyalı batalyonu”nun yaradılması, onun silah-sursatla təmin olunmasında fəal iştirak edib.
1991-1993-cü illərdə Əsir və girovların işləri üzrə Dövlət Komitəsinin Cəbrayıl rayon şöbəsinə rəhbərlik edib, yüzlərlə insanın düşmən əsirliyindən azad edilməsinə nail olub.
Vaqif Əlisoy AXC-nin Cəbrayıl rayon şöbəsinə başçılıq edib. 1990-cı il 20 Yanvar hadisələrindən sonra həbs edilib, Rusiyanın ən sərt rejimli həbsxanalarında saxlanılıb, ölümlə üz-üzə qalıb, lakin sınmayıb, azadlığa çıxdıqdan sonra mübarizəsini davam etdirib. 1994-cü ildə AXC partiyaya çevrildikdən sonra təşkilatdan çıxıb, bitərəf olaraq Qarabağ uğrunda mübarizəsini Qarabağ Azadlıq Təşkilatı sıralarında davam etdirib...
Vaqif Əlisoy Modern.az-a deyib ki, torpaqlarımız uğrunda müharibənin başlanmasını istəyir: “Yalnız bu yolla Qarabağ yarasını sağalda və üstümüzdəki ləkəni təmizləyə bilərik”.
65 yaşlı veteranın digər arzusu 70 illik yubileyini doğma Cəbrayıl rayonunda qeyd etməkdir.