Beynəlxalq Muğam Mərkəzi "Gənc istedadların konserti"ni təqdim edib.
Modern.az-ın məlumatına görə, Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan vokalçıları” festivalı çərçivəsində növbəti konsert gənc vokalçıların ifalarına həsr olunub. Dekabrın 21-də keçirilən konsert proqramında Asəf Zeynallı adına Musiqi Kollecinin, Bülbül adına 11 illik orta-ixtisas musiqi məktəbinin, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5№-li Respublika xüsusi internat məktəbinin tələbə və şagirdlərinin konserti təqdim olunub.
Proqramda Azərbaycan, Avropa və rus klassik vokal nümunələri səsləndirilib. M.Maqomayev, Ü.Hacıbəyli, F.Əmirov, P.Bulaxov, V.A.Motsart, T.Quliyev kimi görkəmli bəstəkarların mövzu baxımından bir-birindən fərqli əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Festival dekabrın 24-dək davam edəcək .